Ölkəmizin Vaşinqtondakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə 8 dekabr – “Beynəlxalq rəssamlar günü” münasibətilə azərbaycanlı xanım rəssamlar Nigar Bağırova və Xatirə Həsənzadənin sərgisi açılıb.

Səfirlikdən bildiriblər ki, tədbirdə Vaşinqton şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçiləri, yerli cəmiyyətin üzvləri, eləcə də ABŞ-da yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov sərgi zamanı, eyni zamanda, qadınların səlahiyyətlərinin artırılmasının da qeyd edildiyini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirinin xanımı Zümrüd İbrahim Azərbaycan dövləti tərəfindən mədəniyyət və incəsənətə göstərilən xüsusi qayğıdan danışıb, hər iki azərbaycanlı xanım rəssamın ölkəmizdə, eləcə də dünyanın bir neçə yerində sərgilərinin keçirildiyindən bəhs edib.

Tədbirin bədii hissəsində Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Emin Sabitoğlu və Maestro Niyazinin bəstələdiyi milli musiqi nümunələrimiz ifa edilib.

Qeyd edək ki, sərgi dekabrın 11-dək davam edəcək.