Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasına şəhid Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərinin ekskursiyasi təşkil olunub.

Məktəblilər kitabxana ilə tanış olduqdan sonra böyük oxu zalında Azərbaycan və dünya ədəbiyyatının görkəmli simaları ilə bağlı məlumat əldə ediblər. Onlara F.Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabından da bəhs edilib.

Respublika Uşaq Kitabxanasına mütəmadi olaraq bu cür ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları kitabxananın zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba marağı təşviq etməkdir.

***

Respublika Uşaq Kitabxanasında 4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dərnək rəhbərləri və müəllimlərinin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə iştirakçılara kitabxananın Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr etdirdiyi “Böyük azərbaycanlı” kitabı barədə məlumat verilib.

Həmçinin  F.Köçərlinin “Balalara hədiyyə”, “Təbiətdən məktub”, “Əvvəl zaman içində” kitabları haqqında ətraflı söz açılıb. Diqqətə çatdırılıb ki, kitabda toplanan nağıllar, əfsanələr oxucunu xalqımızın keçmişi və arzuları, məişəti və mədəniyyəti ilə tanış edir, ədalət və xeyirxahlıq aşılayır, çevik düşüncə və cəsarətli fikir yürütmək bacarığı tərbiyə edir.