Əməkdar jurnalist, ömrünü televiziya və radionun, bütövlükdə çağdaş jurnalistikamızın  inkişafına, pedaqoji fəaliyyətə sərf etmiş Yasin Qaraməmmədlinin 85 illik yubileyi ilə bağlı dekabrın 5-də Mətbuat Şurasında (MŞ) toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Y.Qaraməmmədli imzası bir jurnalist nəslinin yaşantısıdır. Yubilyarın müəllifi və aparıcısı olduğu proqramlar həmin nəslin yetişməsi, özünü peşəsində və ictimai həyatda təsdiqləməsi üçün stimul rolunu oynayıb. Y.Qaraməmmədlinin 1964-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə dəvət edildiyini, iyirmi ildən artıq müddətdə burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışdığını diqqətə çatdıran MŞ sədri bildirib ki, onun analitik təhlilləri və şərhləri hər zaman dərin məzmunu ilə seçilib.

R.Məcid yubilyar jurnalistin ötən əsrin 70-ci illərindən ali məktəblərdə (indiki ADU və ADPU) pedaqoq kimi fəaliyyətindən də söz açıb. Vurğulayıb ki, elmi-pedaqoji və efir fəaliyyəti ilə yanaşı, mütəmadi olaraq dövri mətbuatda da çıxış edən Y.Qaraməmmədli beynəlxalq siyasətdə ölkəmizin mövqeyinə dair analitik məqalələrin müəllifi kimi də tanınıb. Yubilyarın çoxsaylı mükafatlara, “Əməkdar jurnalist” fəxri adı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Prezidentin Fəxri diplomu kimi dövlət təltiflərinə layiq görüldüyünü vurğulayan R.Məcid ona MŞ-nin diplomunu təqdim edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli Y.Qaraməmmədlinin rəvan səsinin, efirdə danışıq qabiliyyətinin dinləyicilərdə, xüsusən də gənclərdə böyük rəğbət doğurduğunu, onları jurnalist peşəsinə ruhlandırdığını vurğulayıb. MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Tahir Aydınoğlu yubilyarın peşəsindəki nümunəviliyi kamillik örnəyi adlandırıb.

Əməkdar jurnalistlər İttifaq Mirzəbəyli, İlyas Adıgözəlli, Rəhim Hüseynzadə, Əminə Yusifqızı, professorlar Əlisa  Əhmədov və Rəfail Əhmədli, radio veteranları Mehman Vəliyev və Tofiq Rüstəmli, Azərbaycan Radiosunun əməkdaşları Şəlalə Məhyəddinqızı, Dilşad Tahirqızı, Səyavuş Hüseynli, Arzu Bayramova və digər çıxış edənlər Y.Qaraməmmədlinin jurnalist və ziyalı kimi yüksək keyfiyyətlərindən söz açıblar.

Sonda çıxış edən yubilyar toplantı iştirakçılarına xoş sözlərə görə təşəkkürünü bildirib.