Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa ölkələrinin səfirlikləri ilə birlikdə 20-23 dekabr tarixlərində “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ikinci sərgi təşkil edib.

“Avropanın rəngləri” adlı sərgi Azərbaycanın yaradıcı qadınlarına Avropa və Avropa dəyərləri mövzusundakı əsərlərini nümayiş etdirmək imkanı verir.

“Bu tədbir təkcə incəsənət və yaradıcılıq barədə deyil, məqsəd qadınların bacarıqlarını inkişaf etdirmək və daha inklüziv mədəniyyət səhnəsi yaratmaqdır. İncəsənət insanları bir araya gətirən unikal metoddur və sərgi bunun mükəmməl nümunəsidir. Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəkidən olan rəssamların sənət əsərləri Azərbaycanın zəngin mədəniyyət tarixini əks etdirir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də Avropa İttifaqı ilə Azərbaycan arasındakı güclü tərəfdaşlığın bir hissəsi olaraq əhəmiyyətlidir”, – deyə Aİ-nin səfiri Peter Mixalko bildirib.

“Avropanın rəngləri” sərgisi ilə İçərişəhərdəki “Mədinə qalereyası”nda (Firdovsi küçəsi 14) tanış olmaq olar. Sərgilərdən başqa, rəssamların iş başında izlənməsi vorkşopları da təşkil olunur.

Aİ nümayəndəliyi tərəfindən maliyyələşdirilən “Azərbaycan İncəsənət Şurası” layihəyə  təşkilati dəstək göstərir.