31 dekabr böyük yazıçı-dramaturq, şair, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının (1899 – 1934) anım günüdür.

Cəfər Cabbarlı ideya-bədii xüsusiyyətləri ilə bir-birindən maraqlı pyeslərlə XX yüzilliyin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələnin təməlini qoyub. Dram əsərləri (“Nəsrəddin şah”, “Vəfalı Səriyyə”, “Aydın”, “Oqtay Eloğlu”, “Sevil”, “Almaz” və s.) milli səhnə sənətinin tərəqqisində müstəsna rol oynayıb. Onların bir çoxu bu gün də Azərbaycan teatrlarının repertuarında yer alır.

Görkəmli ədib milli kinoda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz”) müəllifi kimi də tanınıb. Eyni zamanda teatr və kino sahəsində milli kadrların hazırlanması problemlərini daim diqqətdə saxlayıb, bununla bağlı dövri mətbuatda silsilə məqalələrlə çıxış edib.

Dövrün ədəbi-mədəni proseslərini diqqətlə izləyib münasibət bildirən Cəfər Cabbarlı çoxcəhətli yaradıcılığı ilə mədəniyyət salnaməmizdə silinməz iz qoyub.