Yanvarın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə ötən il açılmış “Zamanla dialoq” sərgisi çərçivəsində mühazirə keçirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xanım Əsgərovanın “Tofiq Ağababayevin yaradıcılıq dünyası” adlı mühazirəsində qocaman sənətkarın uzun illərdir davam edən məhsuldar yaradıcılıq yolu haqqında dinləyicilərə geniş məlumat verilib, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin əhatə olunduğu zəngin bədii irsindən bəhs edilib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, “Zamanla dialoq” sərgisi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə ötən il dekabrın 8-də açılıb. Ekspozisiyada müəllifin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Xəzər” muzey mərkəzinin kolleksiyasında yer alan rəngkarlıq, qrafika, eləcə də şüşə və keramikadan yaradılmış əsərləri nümayiş olunur. Sərgi yanvarın 10-da başa çatacaq.