Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu ilə iki ölkənin mədəni əlaqələrinə yeni töhfələr verə biləcək addımlar barədə danışdıq.

 

– Batuhan bəy, keçən ilin noyabrında Ankarada ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalandı. Bu sahədə nə kimi yeniliklər gözləmək olar?

– Türkiyə-Azərbaycan mədəni əməkdaşlığına dair saziş iki ölkə arasında, eləcə də Türk dünyasında əlaqələrin gücləndirilməsi, maddi-mədəni sərvətlərin yayğınlaşdırılması, ortaq tarix və dəyərlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu sənəd vasitəsilə mədəniyyət sahəsində müxtəlif tədbirlərlə daha sıx əməkdaşlığa nail olmağı hədəfləyirik. Saziş əsasında keçiriləcək konsertlər, sərgilər, teatr tamaşaları və ədəbi tədbirlər kimi mədəniyyət fəaliyyətləri iki ölkə arasında qarşılıqlı əlaqəni artıracaq və Türk dünyasının mədəni zənginliyinin daha geniş auditoriyaya çatdırılmasına kömək edəcək. Sözügedən mədəni tədbirlər eyni zamanda hər iki ölkənin turizm potensialını artıracaq və bu da öz növbəsində ölkələrimizin iqtisadiyyatına töhfə verəcək.

 

– Azərbaycanda keçirilən III “Qorqud Ata” Türk Dünyası Film Festivalı ilə bağlı təəssüratlarınız necədir?

– “Qorqud Ata” festivalı artıq Türk dünyasının önəmli mədəniyyət layihələrindən birinə çevrilib. Bu il festivalın bağlanış mərasiminə Türkiyədən ssenarist, rejissor, prodüser və aktyorlarla birlikdə TRT-nin və nazirliyimizin rəsmiləri olaraq qatıldıq. Kino sənayesi Türk dünyasının ortaq mədəni irsinin çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən festivalda iştiraka marağın ildən-ilə artdığını görmək bizi çox sevindirir. İnanıram ki, kino sənayesinin maraqlı tərəflərini bir araya gətirmək və əməkdaşlığı təşviq etmək həm kino sənətini təkmilləşdirəcək, həm də qarşılıqlı mədəni əlaqəni maksimum dərəcədə artıracaq. “Qorqud Ata” festivalının dördüncüsü bu il Türkmənistanda keçiriləcək.

 

– 2023-cü ildə “Türkiyə Mədəniyyət Yolu Festivalları” daha geniş miqyas aldı. Bu layihəyə  Azərbaycanda da maraq var...

– “Türkiyə Mədəniyyət Yolu Festivalları” ölkəmizin hər yerində keçirilən konsertlərdən sərgilərə, opera və balet tamaşalarına, panel müzakirələrə, seminarlara qədər minlərlə tədbiri əhatə edən silsilədir. Bu il festival silsiləmizə azərbaycanlı sənətçiləri də daxil etməyi planlaşdırırıq. İncəsənətin müxtəlif sahələrini təmsil edən insanların festivallarda iştirakı Azərbaycan mədəniyyətinin daha yaxından tanıdılmasına imkan yaradacaq. Bu şəkildə iştirak festivalın keçirildiyi şəhər və ya bölgələrdə mədəni zənginliyimizi vurğulamaqla yanaşı, həm də iki ölkə arasında mədəni turizmi qarşılıqlı surətdə stimullaşdıracaq.

 

– Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılır. Sizcə, mərkəzin fəaliyyəti iki qardaş ölkə arasında mədəni əlaqələrə hansı yeniliklər gətirə bilər?

– “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında artıq hər sahədə gözəl əlaqələr mövcuddur. Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması, təbii ki, mədəni əlaqələrimizi, əməkdaşlığımızı daha da inkişaf etdirəcək, mədəniyyət tədbirlərinin həm sayı, həm də keyfiyyəti yüksələcək. Mədəniyyət, incəsənət, ədəbiyyat, mənəviyyat sahəsində fəaliyyətlər hər iki ölkənin müvafiq sektorundakı nümayəndələrinə də dəstək olacaq. Bu mərkəzdə təşkil olunan mədəni-kütləvi tədbirlər gənc nəsillərimizdə də ümumi mədəni irsimizə mənsub olmaq hisslərini inkişaf etdirməkdə mühüm rol oynayacaq.

İnanıram ki, ortaq tarix, dil və mədəni irsə əsaslanan bu əməkdaşlıq Türk dünyasının digər ölkələri ilə də oxşar şəkildə təzahür etməyə təkan verəcək. Bir sözlə, Azərbaycanla olan mədəni əlaqələrimizin inkişafı digər türk dövlətlərinə də öz müsbət təsirini göstərəcək.

Mehparə Sultanova
Ankara