15-25 fevral tarixlərində keçiriləcək 74-cü Beynəlxalq Berlin Film Festivalında (Berlinale – 2024) “Qızıl ayı” fəxri mükafatının laureatı məlum olub. Məlumatlara görə, bu dəfə mükafata Hollivudun məşhur kinorejissoru, “Göylərin hakimi”, “Pul ovçusu”, “Zindan adası” və “The Irishman” kimi kino aləmində böyük əks-səda doğurmuş filmlərin quruluşçu rejissoru Martin Skorseze layiq görülüb.

Festivala sədrlik edən Karlo Çatrian və Mariette Rissenbek məşhur kinorejissoru “dünyada bənzəri olmayan” kino xadimi adlandırıblar.

Martin Skorsezenin son işi aktyorlar Leonardo Di Kaprio, Robert De Niro, Brendan Freyzerin əsas rolları oynadıqları və 2023-cü ildə Kann festivalında premyerası olmuş “Ay çiçəyi qatilləri” (“Killers of the Flower Moon”) filmidir. Ekran əsəri bu il “Oskar” mükafatı üçün namizədlər sırasındadır. Hərçənd bu günlərdə (7 yanvar) keçirilən ənənəvi “Qızıl qlobus”un təqdimatında film mükafatsız qalıb.

Xatırladaq ki, ötən il 73-cü Berlin Beynəlxalq Film Festivalında fəxri “Qızıl ayı” mükafatı digər məşhur amerikalı rejissor Stiven Spilberqə təqdim edilib.