Artıq 34 il öncəyə qalib ruhla səyahət edirik

 

Xalqımızın qan yaddaşına hüzn və qürur günü kimi yazılan Qara Yanvarın 34-cü ildönümü qeyd olunur. 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ ordu hissələrinin Bakıda törətdiyi qətliam xalqımızın müstəqillik uğrunda mübarizəsinin qarşısını ala bilmədi, əksinə, istiqlal yolunda milli birliyimizi daha da möhkəmləndirdi. Bu illər ərzində 20 Yanvar hadisələri haqqında publisistik yazılar qələmə alınıb, ədəbi əsərlər ərsəyə gətirilib, filmlər çəkilib. Amma həmin gün əsl qəhrəmanlıq göstərərək sənətləri ilə tarixi bir missiyanın öhdəsindən layiqincə gələn kino işçilərini və operatorları da unutmaq olmaz. Axı biz bu gün həmin o məşum gecədə baş verənlərə onların lentə aldığı videokadr və fotolardan boylanırıq. Ona görə də həmin vahiməli günlərə şahid şəhidləri və yaşayan şahidləri hər zaman yada salmalıyıq.

...Həmin an, həmin saniyədə nə etməli, necə etməli sualı qarşısında qalan kino işçilərinin gümanı kameraya idi və bu kamera ilə həyatlarını təhlükəyə ataraq sənədli salnamə yarada bildilər. Bu gün 34 il öncəyə nəzər salanda sənədli kino salnaməmizdə 20 Yanvar mövzusuna kifayət qədər müraciət edildiyini görürük.

34 il ərzində “Azərbaycanfilm” kinostudiyasının hadisənin şahidi olan əməkdaşlarından alınan müsahibə və xatirələrə yenidən nəzər salıram. “Salnamə” studiyasının rəhbəri olmuş Tofiq Məmmədovun vaxtilə qəzetimizdə dərc olunmuş bir xatirəsini oxuyuram: “Həmin dövrdə çəkilişlər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası əməkdaşlarının öz təşəbbüsləri ilə çəkilmişdi. Heç bir dövlət qurumu tərəfindən göstəriş verilməmişdi. O vaxt çoxlu kinolent əldə etmişdik. Həmin dövrdə “Salnamə” studiyasında qaynar bir həyat var idi. Studiyada növbətçi sistemi işləyirdi. Bizim operatorlar gecə Tiflis prospektində olanları lentə aldılar. Düzdü, gecə çəkilişləri çox çətin idi. Ancaq bəzi çəkdiklərimizdə güllələr yağan kadrlar aydın seçilir. Səhərə qədər bizim operatorlar indiki Prezident Aparatının (Prezident Administrasiyası – red.) qabağında, “Sahil” bağında və şəhərin digər nöqtələrində öz işlərini görürdülər. Yəni 20 Yanvar hadisələrini “Salnamə” studiyasında yaranan qərargah əvvəlcədən çəkməyə hazır idi. Lentə alınan kadrların əksəriyyəti sonradan Xamis Muradovla birgə çəkdiyimiz “Azadlığa gedən yollar” sənədli filmində istifadə olundu”.

20 Yanvar gecəsi kameranın yaddaşına köçürülənlər böyük əhəmiyyət kəsb edirdi. Xalqları 70 il öz əsarətində saxlayan bir siyasi rejimin yırtıcı xarakteri bir daha təzahür etmişdi. Əliyalın xalqa qarşı törədilən qətliam tarixin yaddaşına yazılmalı idi. Həmin qanlı əməli planlaşdıran mənfur rejim olacaqları ört-basdır etmək üçün ilk növbədə xalqın görən gözünü qapatmışdı. Azərbaycan Televiziyasının enerji bloku partladılmış, şirkətdəki kameraların əksəriyyəti müsadirə edilmişdi. Belə bir şəraitdə həmin ərəfədə lentə alınanların hansı çətinliklərlə başa gəldiyi bir daha aydın olur.

Xalq artisti Xamis Muradov deyir ki, bu gün 20 Yanvarla bağlı nümayiş olunan kadrlar kino işçilərinin fədakar əməyinin məhsuludur. Şəhərdəki vəziyyətlə bağlı “Salnamə” studiyasının tərkibində xüsusi qərargah yaradılır. Operatorlar qruplara bölünüb “Salyan kazarması”nın, Azərbaycan Dövlət Filarmoniyasının qarşısına, Biləcəriyə, metronun indiki “20 Yanvar” stansiyası istiqamətinə yollanaraq baş verənləri lentə alırlar. Həmin materiallar isə operatorların dost və qohumlarının evində gizlədilir...

Tariximizə hüzn və qürur günü kimi yazılan 20 Yanvarla bağlı onlarla sənədli film çəkilib: “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “Qədirin sorağında”, “9 dəqiqə”, “Cənubda Şimal küləyi” və s. 2019-cu ildə isə 20 Yanvar hadisələrini lentə alanların hansı şəraitdə işlədiklərini göstərən bir film də ərsəyə gəldi – “Silahdaşlar”. “Salnaməfilm” studiyasında lentə alınıb. Onu da qeyd edim ki, 20 Yanvar şəhidlərinin dəfn olunduğu gün çəkilən kadrlar da “Salnaməfilm”in operatorlarının işidir. Bu hüznlü anları Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas kameranın yaddaşına köçürüb.

Həmin dövrdə Azərbaycan Televiziyasında baş rejissor vəzifəsində çalışan Xalq artisti Vasif Babayev bir neçə il əvvəl o günləri xatırlayarkən demişdi: “Dövlət Teleradio Komitəsinin sədr müavini Fuad Tariverdiyev və mən bəzi vətənpərvər televiziya operatorlarına tapşırıq verərək onları Bakı küçələrinə, xəstəxanalara, idarələrə, faciə baş verən yerlərə çəkilişə göndərdik. O günlər AzTV-nin bəzi operatorlarının, o cümlədən Ələkbər Muradov, Seyidağa Mövsümov, Rəsul Babayev, İzzət Əzizov, Fikrət Qafarov, Adil Bünyadov və Zahid Bağırovun işlərini xüsusilə qeyd etmək istəyirəm. Onların çəkdiyi kadrlar bu gün də bütün dünya ekranlarında göstərilir, sovet rejiminin siyasətini və qəddarlığını bir daha ifşa edir”.

Birliyin, yenilməzliyin nümunəsi olan 1990-cı ilin 20 yanvar hadisələrinin 34-cü ildönümünü müstəqil, güclü, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş qalib bir ölkənin vətəndaşı olaraq qeyd edirik. Şanlı Ordumuz bütün şəhidlərimizin qisasını döyüş meydanında qəhrəmanlıqla alıb.

Son üç ildə tariximizin səhifələrinə qızıl hərflərlə yazılan, əbədi qürur qaynağımıza çevrilən hadisələr də zaman-zaman kinolentin yaddaşına köçürüləcək, yeni nəsillər həmin ekran əsərlərindən şanlı keçmişimizi izləyib fəxarət hissi keçirəcəklər.

Lalə Azəri