Filmə kinorejissor Vaqif Mustafayev quruluş verəcək

 

TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, Türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin (Nəsrəddin Xoca) haqqında bədii film çəkiləcək.

Təşkilata üzv ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək ekran əsərinə Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayev quruluş verəcək.

Filmin çəkilişinə hazırlıq çərçivəsində Vaqif Mustafayevin rəhbərliyi altında ölkəmizdən nümayəndə heyəti bu günlərdə Türkiyəyə səfər edib. Ankarada, TÜRKSOY-un iqamətgahında təşkilatın baş katibinin müavini Sayit Yusufla görüş keçirilib. Film layihəsinin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Vaqif Mustafayev bildirib ki, çəkiliş qrupu Qazaxıstan, Qırğızıstan və Özbəkistanda filmin lentə alınacağı yerləri müəyyən etmək üçün araşdırmalar aparıb və bu ölkələrdə müvafiq görüşlər keçirib.

Rejissor həmçinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə də söhbətlər aparıldığını diqqətə çatdırıb, qardaş ölkənin iki bölgəsində – Ağşəhər və Əskişəhərdə çəkilişlərin aparılacağı yerlərin müəyyən ediləcəyini deyib, bu prosesə verdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.

Türkiyədən sonra Türkmənistanda da bu istiqamətdə araşdırmaların aparılacağını deyən rejissor ilkin təhlil mərhələsinin may ayına qədər tamamlanacağını və çəkilişlərə bu ilin ikinci yarısında başlanacağını bildirib.

Sayit Yusuf Türk dünyasının məşhur kino sənətçilərinin iştirakı ilə həyata keçiriləcək layihənin qardaş xalqların ortaq mədəni irsini bir arada yaşatmaq və çəkiləcək filmlə dünyaya tanıtmaq üçün əhəmiyyətini vurğulayıb. O, başda rejissor Vaqif Mustafayev olmaqla çəkiliş qrupuna uğurlar arzulayıb.

Görüşdən sonra nümayəndə heyəti TÜRKSOY-un binası ilə tanış olub, qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib.