“Qızıl ayı” uğrunda 74-cü yarışma

 

15-25 fevral tarixlərində keçiriləcək 74-cü Berlin Beynəlxalq Film Festivalı (Berlinale – 2024) müsabiqə proqramını elan edib. Berlinalenin rəsmi proqramına, eləcə də “Encounters” (“Görüşlər”) proqramına 20 film daxil edilib.

Festivalın saytında yer alan məlumata görə, “Qızıl ayı” uğrunda müsabiqə proqramını belçikalı kinorejissor Tim Milantsın “Belə xırda şeylər” tarixi dramı (baş rolda irlandiyalı aktyor Killian Mörfi çəkilib) açacaq.

Həmçinin mavritaniyalı rejissor Abderrahman Sissako “Qara çay”, Meksika kinorejissor Alonso Ruispalasios “Mətbəx”, Seneqal əsilli Fransa aktrisası və rejissoru Mati Diop “Daqomeya” filmləri ilə festivala qatılacaq.

Bundan əlavə, proqrama Bruno Dumontun (Fransa) “İmperiya”, Marqarita Vikarionun (İtaliya) “Qələbə!”, Olivye Assayasın (Fransa) “Vaxtdan kənar”, Andreas Drezenin (Almaniya) “Hildadan sevgi ilə”, Betaş Sanex və Miriam Mokvadamın (İran) “Ən sevdiyim tort”, Kler Byurgerin (Fransa) “Yad dil”, Meryam Juberin (Tunis əsilli Kanada rejissoru) “Mən kimə aidəm” filmləri daxil edilib.

“Encounters”in proqramında yunanıstanlı rejissor Yorqos Zoisin “Arkadiya”, amerikalı rejissor Ben Rassellin “Birbaşa hərəkət” və digər ekran əsərləri daxil edilib.

Festivalın proqramında Avropada şöhrət qazanan koreyalı rejissor Honq Sanq-sunun “Səyyahın ehtiyacları” filmi də var. Filmin premyerası rejissora pandemiya zamanı (2021) layiq görüldüyü fəxri “Qızıl ayı” mükafatını, nəhayət, almaq üçün fürsət olacaq. 2024-cü ilin fəxri mükafatı isə amerikalı rejissor Martin Skorsezeyə veriləcək.

Builki Berlinalenin münsiflər heyətinin sədri ilk dəfə qaradərili aktrisa – Keniya əsilli meksikalı ulduz Lupita Nyongo olacaq.

Qeyd edək ki, 74-cü Berlin Beynəlxalq Film Festivalı günlərində, həmçinin “Avropa Film Bazarı” (European Film Market), “Berlinale Birgə İstehsalat Bazarı” (Berlinale Co-Production Market) keçiriləcək.

V.Kamal