Molla Nəsrəddin haqqında müştərək film layihəsi müzakirə olunub

 

Türk xalqlarının məşhur folklor qəhrəmanı Molla Nəsrəddin haqqında birgə film çəkiləcək. Bununla bağlı qərar TÜRKSOY Daimi Şurasının ötən ilin 13-14 oktyabr tarixlərində Şuşa şəhərində keçirilən 40-cı iclasında qəbul olunub.

Layihə ilə əlaqədar Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən kinorejissorlar yanvarın 18-də Bakıda bir araya gəlib. Bu barədə TÜRKSOY məlumat yayıb.

Məlumatda bildirilir ki, toplantı TÜRKSOY-un koordinasiyası ilə Azərbaycan Mədəniyyət Nazirliyində keçirilib. Toplantıda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Kino Agentliyi sədrinin vəzifəsini icra edən Orxan Fikrətoğlu, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi Kino idarəsinin baş direktoru Akjoltoy Bekbolatov, Özbəkistan Mədəniyyət Nazirliyi Kino Agentliyinin direktoru Bahodir Adiliv, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin baş direktoru Erkin Yılmaz, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı və digər rəsmilər iştirak ediblər.

Toplantıda diqqətə çatdırılıb ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının ötən il Şuşada keçirilən iclasında Molla Nəsrəddin haqqında müştərək filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib və təşəbbüs yekdilliklə qəbul olunub.

Filmin quruluşçu rejissoru qismində çıxış edəcək Xalq artisti Vaqif Mustafayev və prodüser Zaur Darabzadə layihə haqqında ətraflı məlumat veriblər.

Nazir Adil Kərimli Türk dünyasının ilk birgə film layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib, onun gələcəkdə kino sahəsi üçün yeni imkanlara zəmin olacağını  diqqətə çatdırıb. O, birgə layihəyə görə TÜRKSOY-a və qardaş ölkələrin kino təmsilçilərinə təşəkkürünü bildirib, Azərbaycanın Mədəniyyət Nazirliyinin filmin ərsəyə gəlməsi üçün hərtərəfli dəstək verəcəyini deyib.

Baş katibi Sultan Raev bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə əsası qoyulan TÜRKFİLM-in (Türk Dünyası Kinorejissorlar Assosiasiyası) əhəmiyyətini vurğulayıb. O, Molla Nəsrəddin haqqında filmin uğurlu alınacağına inamını ifadə edib, TÜRKSOY-un bu istiqamətdə təcrübə mübadiləsinin artırılması üçün də dəstək olacağını diqqətə çatdırıb.