Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunan kitablarının təqdimatı keçirilib.

AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu müəllifin yaradıcılığı, Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrindəki rolundan söhbət açıb.

AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin inkişafında Xasiyyət Rüstəm kimi ədəbiyyat, mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar təqdim olunan kitablar haqqında məlumat verib.

Filologiya elmləri doktoru, professor Ramiz Əskər Özbəkistan-Azərbaycan əlaqələrinin tarixindən danışıb.

“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli, Özbəkistanın Xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavinləri Qeyrət Məcid, Qafur Şerrmuhammed və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən söz açıblar.

Tədbirin sonunda Xasiyyət Rüstəm Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayaraq bir neçə şeirini söyləyib.