Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2001-ci il 18 iyun

 

Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanla 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, bütün rəsmi yazışma və sənədləşmələr latın qrafikasında aparılmağa başlanıb.

 

2001-ci il 6 iyul

 

Heydər Əliyev Prezident iqamətgahında ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, elm, mədəniyyət, ədəbiyyat, təhsil, səhiyyə, memarlıq və s. sahələrdə xidmətlərinə görə bir qrup şəxsə “İstiqlal” və “Şöhrət” ordenlərini təqdim edib.

“İstiqlal” ordeni ilə təltif olunanlar arasında Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, Azərbaycanın Xalq artisti Əminə Dilbazi, Vera Şirye, Xalq rəssamı Kamil Əliyev; “Şöhrət” ordeni alanlar sırasında şair Məmməd Aslan, Zəlimxan Yaqub, akademiklər Bəkir Nəbiyev, Fuad Qasımzadə, professor İsmixan Rəhimov, Xalq artistləri Xuraman Qasımova, Tofiq Bakıxanov, Zəroş Həmzəyeva, memar Hafiz Əmirxanov və b. vardı.

“...Sizin hər biriniz – görürəm ki, burada 80 yaşında da, 70 yaşında da olan adamlar var – nə qədər yol keçmisiniz... Hər biriniz öz yaradıcılığınızla, öz elmi əsərlərinizlə, fəaliyyətinizlə yüzlərlə, minlərlə insana fayda vermisiniz... Sevinirəm, çünki mənə müyəssər olubdur ki, bu insanların gördüyü işləri qiymətləndirim, onları təltif edim və bu ordenləri şəxsən onların özlərinə təqdim edim...”.

 

2001-ci il 20 iyul

 

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov) 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

2001-ci il 9 avqust

 

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalayıb. Latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin edildiyi 1 avqust (2001-ci il) tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib.

 

2001-ci il 10 avqust

 

Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı Vidadi Nərimanbəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

 

2001-ci il 12 avqust

 

Milli dəyərlərin qorunması ilə bağlı bəyanatla çıxış edib. Bəyanat Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin mətbuatda (“Etimad” qəzeti) təhqir olunması ilə bağlı verilmişdi. Heydər Əliyev bəyanatında kütləvi informasiya vasitələrini söz və mətbuat azadlığından sui-istifadə etməməyə, əxlaq normalarına riayət etməyə, təhqirlərə yol verməməyə çağırıb.

“...Hər xalqın öz mentaliteti var. Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik...”.

 

2001-ci il 22 sentyabr

 

Neftçilər Gününə (20 sentyabr) həsr olunmuş təntənəli mərasimdə nitq söyləyib. Mərasimin bədii hissəsindən sonra incəsənət xadimləri ilə görüşüb.

 

2001-ci il 12 oktyabr

 

Bakıda dahi rus şairi A.S.Puşkinin abidəsinin açılış mərasimində nitq söyləyib.

 

2001-ci il 13 oktyabr

 

Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun xatirə gecəsində nitq söyləyib.

“...Rəşid Behbudov Azərbaycan mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır...Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam... Rəşid Behbudov mərhum Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnılarının yaradıcısı olubdur... Rəşid Behbudov özünəməxsus ustalığı ilə həm müasir estrada mahnılarını çox gözəl ifa edirdi, həm də Azərbaycan musiqi folklorundan, Azərbaycan xalq musiqisindən gözəl  mahnıları götürüb onları müasirləşdirirdi və müasir estrada səviyyəsinə qaldırırdı. Yəni deyə bilərəm ki, Rəşid Behbudov Azərbaycanın xalq mahnıları ilə, musiqi folkloru ilə, müasir estrada mahnılarının Azərbaycan xüsusiyyətləri daşıyan sintezini yarada bilmişdir.

Rəşid Behbudovun ifası tamamilə başqa idi. Məsələn, mahnılardan birində sözlər var: “İrəhmin gəlsin, nənə”. Azərbaycan ədəbi dilində “rəhmin gəlsin” deyilir. Amma xalq lap keçmişdən “rəhmin gəlsin” əvəzinə, “irəhmin gəlsin” deyir. Yəni o, mahnıları müasirləşdirəndə onların xalqa xas olan xüsusiyyətlərini, ləzzətli məqamlarını heç vaxt itirmirdi...

Sənətkar kimi Rəşid Behbudovun xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, gözəl səsi ilə yanaşı, mahnının sözlərini də gözəl tələffüz etmək qabiliyyəti var idi. Bəzən mahnını oxuyurlar, sözlər bir-birinə toqquşur, qavramaq mümkün olmur. Amma Rəşid Behbudov, ümumiyyətlə, bütün mahnıları ifa edərkən, sözləri o qədər aydın, səlis, o qədər düzgün tələffüz edirdi ki, bu, onun sənətini daha da yüksəldirdi.

“Arşın mal alan” filmi Azərbaycanda tarixi bir hadisə kimi meydana çıxdı. Ancaq onu rus dilinə tərcümə etdilər. Ən əsas cəhət ondan ibarətdir ki, Rəşid rus dilində də özü oxuyurdu, onun səsi idi... Rəşid Behbudovun o filmdə oxuduğu mahnıları insanlar gözəl bir musiqi kimi qəbul etmişdilər və çox yerlərdə oxuyurdular. Bəzən şənliklərdə görürdün ki, məsələn, bir rus Rəşid Behbudovun mahnısını böyük məhəbbətlə ifa edir. Bu, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini dünyaya tanıdan bir əsər oldu...”.

Hazırladı: V.Orxan

(davamı var)