Nizami Kino Mərkəzi. Yanvarın son günü. Ardıcıl üç gündür (29–31 yanvar) burada Azərbaycan baletinin görkəmli simalarının  ömür və yaradıcılıq yolu haqqında filmlərin təqdimatı keçirilir.

Silsilənin sonuncu filmi ilk azərbaycanlı balerina, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadəyə (1915–2006) həsr olunub.

“Primanın irsi” adlı filmin nümayişi mərkəzin kiçik zalında keçirilsə də, tamaşaçıların böyük marağı var. Zalda boş oturacaq yoxdur.

Tamaşaçılar arasında balerinanın tələbələri, onun sənətini sevənlər üstünlük təşkil edir. Filmin müəllifi və rejissoru, tanınmış balet ustası, Əməkdar artist Samir Səmədov da həyəcanlı görünür. Zalda hər kəs yerini alandan sonra o, səhnəyə çıxır və film haqqında məlumat verir.

“Primanın irsi” sənədli filmində Qəmər Almaszadənin həyat və yaradıcılığı geniş şəkildə öz əksini tapıb. Ekran işində qeyd olunur ki, görkəmli sənətkar professional səhnəni tərk etdikdən sonra Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Bakı Xoreoqrafiya Məktəbinin (indiki BXA) direktoru kimi fəaliyyət göstərib. Kadrlarda ilk milli balerina və xoreoqrafın yaradıcılığından, onun ən istedadlı tələbələrindən, Azərbaycan baletinin əfsanəvi primalarından söhbət açılır. Bildirilir ki, Qəmər Almaszadə Azərbaycan bəstəkarlarının əksər baletlərində, o cümlədən Qara Qarayevin “Yeddi gözəl” və Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletlərində ilk dəfə baş partiyaları ifa edib. Azərbaycanda balet məktəbinin inkişafına böyük töhfə verən sənətkar tanınmış ifaçılar nəslini yetişdirib. Onun sənət məktəbinin məzunları bir sıra ölkələrin məşhur səhnələrində çıxış ediblər. Sənədli filmdə balerinanın yetirmələrinin iştirakı ilə müxtəlif illərin nadir kadrları tamaşaçılara təqdim olunur.

Filmin nümayişindən sonra Əməkdar incəsənət xadimi Rimma Məmmədova çıxış edərək filmin müəllifinə təşəkkürünü bildirdi. O, 1960-cı ildə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfini bitirdiyini dedi, müəllimi ilə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, onu 1978-ci ildə məhz Qəmər xanımın Mədəniyyət Nazirliyinə tövsiyəsi ilə Bakı Xoreoqrafiya Məktəbinə direktor təyin ediblər.

Daha sonra qonaqlar arasında yer alan filmin qəhrəmanları və ailə üzvləri milli balet tarixinə qayğıkeş münasibətə görə müəllifə təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, premyerası ötən ilin mart ayında Bakı Musiqi Akademiyasının Opera studiyasında gerçəkləşən film həm də rus dilində səsləndirilib.

Lalə Azəri