6–9 fevral tarixlərində İstanbulda keçirilən 27-ci Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində ölkəmizin turizm imkanları nümayiş olunur.

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə qurulan milli stendimizdə altı turizm şirkəti, iki hotel qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur. Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensiallı məkanları, qastroturizm, şərabçılıq, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri haqqında ətraflı məlumat verilir. Həmçinin Türkiyədən və digər ölkələrdən olan turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Sərgiyə Azərbaycan və Türkiyə ilə yanaşı, Almaniya, Bolqarıstan, Braziliya, Misir, İran, Yaponiya və digər ölkələr də qatılıb.

Qeyd edək ki, Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə ikinci yerdədir. Ötən il Türkiyədən ölkəmizə 378 min 204 nəfər səfər edib.