Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ötən ilin 27 noyabr – 3 dekabr tarixlərində keçirilmiş “Yaradıcı həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalına qəbul elan edilmişdi.

Festivala mobil telefonla çəkilmiş işlərin qəbulu yanvarın 31-də başa çatıb.

Layihənin təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bildirib ki, festivala göndərilən 150 filmdən 71-i qəbul edilib. Obyektivliyi qorumaq üçün münsiflər heyətinin adları səsvermə başa çatana qədər açıqlanmayacaq. “Münsiflər heyətinin üzvləri səsverməni ayrı-ayrılıqda, yəni bir-birinin qiymətləndirməsindən xəbərsiz həyata keçirirlər. Bu da nəticələrin obyektivliyinə zəmanət verir”, – deyə Ruslan Sabirli deyib.

Təsisçinin sözlərinə görə “Fikir çəkmə, telefona çək!” şüarı altında keçirilən festivalın məqsədi gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Xatırladaq ki, festivalın “Bədii film” nominasiyasında birinci yer üçün 2000, II yer üçün 1500, üçüncü yerə isə 1200 manat nəzərdə tutulub.

“Sənədli film” nominasiyası üzrə I yer – 1500, II yer – 1200, III yer – 1000 manat.

“Sosial çarx” nominasiyası üzrə isə I yerin qalibi 1200, II yerin qalibi 1000, III yeri tutan isə 800 manat qazanacaq.

Mükafatlandırma mərasimi Şərqi Avropa və Mərkəzi Asiyada “TikTok” yayımçıları rəsmi icmasının səhifəsində yayımlanacaq.

Lalə Azəri