Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları fevralın 8-dən 10-dək davam edən “OTM Mumbai – 2024” (“Outbound Travel Mart”) sərgisində nümayiş olunub.

Hindistanın Mumbay şəhərində keçirilən sərgidə ziyarətçilərə Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilib

Milli stenddə “Azərbaycan Hava Yolları” və “Şahdağ” Turizm Mərkəzi, eləcə də 15 turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Sərgidə 60 ölkədən 1600-dən çox turizm şirkəti iştirak edir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana gələn xarici ölkə vətəndaşları sırasında Hindistandan olan ziyarətçilər 4-cü yerdədir. Ötən il Azərbaycana 117 min 302 Hindistan vətəndaşı gəlib ki, bu da 2022-ci illə müqayisədə 93 faiz, pandemiyadan öncəki 2019-cu illə müqayisədə isə 80 faiz çoxdur.