Azərbaycan

 

14 fevral 1918 – Memarlıq doktoru, Dövlət mükafatı laureatı Davud Ağa oğlu Axundov (1918 – 19.11.2003) anadan olub. Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığının tarixinə dair əsərlərin müəllifidir.

14 fevral 1925 – Xalq artisti, dirijor, Dövlət mükafatı laureatı Nazim Əsədulla oğlu Rzayev (1925 – 2.5.2006) anadan olub. Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri olub, Türkiyədə çalışıb.

14 fevral 1939 – Əməkdar artist, tanınmış xanəndə Süleyman Cümşüd oğlu Abdullayev (1939 – 23.10.2022) Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.

14 fevral 1940 – Azərbaycan Televiziyasının ilk diktorlarından Tamara Cəfər qızı Gözəlova-Ağamirova (1940 – 8.5.2020) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (1956) Gülnaz roluna çəkilib. Milli Kitabxanada çalışıb.

14 fevral 1945 – Yazıçı-publisist, şair İntiqam Alı oğlu Mehdizadə (1945 – 8.6.2022) İsmayıllı şəhərində doğulub. Azərbaycan Radiosunda “Bulaq”, “Dan yeri” və s. verilişlərin redaktoru olub.

14 fevral 1980 – Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894 – 1980) vəfat edib. “Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Onu bağışlamaq olarmı?” filminin rejissorudur. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

14 fevral 2013 – Prezident İlham Əliyev görkəmli ədəbiyyatşünas, maarifpərvər,  yazıçı-publisist Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında sərəncam imzalayıb.

14 fevral 2020 – Prezident İlham Əliyev görkəmli yazıçı, maarifçi və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

15 fevral 1909 – Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 – 8.7.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

15 fevral 1914 – Xalq artisti, aktyor Muxtar Həsən oğlu Avşarov (1914 – 6.12.2004) anadan olub. Gəncə Dram, Akademik Milli Dram, Bakı Bələdiyyə teatrlarında çalışıb. “Dəli Kür”, “Qaçaq Nəbi”, “Kişi sözü” və s. filmlərdə çəkilib.

15 fevral 1922 – Əməkdar mədəniyyət işçisi Mirəziz Ziyad oğlu Rəfiyev (1922–2007) anadan olub. Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.

15 fevral 1923 – Sənətşünaslıq namizədi, professor Xanlar Həmid oğlu Məlikov (1923–1999) anadan olub.

15 fevral 1933 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 – 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Milli Dram Teatrında çalışıb. Filmlərdə (“Onu bağışlamaq olarmı?”, “Qırmızı qar”), televiziya tamaşalarında çəkilib.

15 fevral 1934 – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (1934 – 26.9.2021) Bakıda anadan olub. Filmlərə, tamaşalara musiqi yazıb, bir sıra mahnıların müəllifidir. Ömrünün son illərini Kanadada yaşayıb, pedaqoji fəaliyyət və yaradıcılıqla məşğul olub, orada vəfat edib.

15 fevral 1937 – Azərbaycan Bəstəkarlar İttifaqında növbəti hesabat-seçki toplantısı keçirilib. Üzeyir Hacıbəyli təşkilata sədr seçilib. Böyük bəstəkar ömrünün sonunadək (1948) Bəstəkarlar İttifaqına rəhbərlik edib.

15 fevral 1973 – Əməkdar artist Tünzalə Məcid qızı Əliyeva (1973 – 22.1.2023) Gəncədə anadan olub. Gəncə, İrəvan teatrlarında çalışıb, filmlərdə, teleseriallarda çəkilib.

15 fevral 2005 – Xalq artisti, teatr və kino aktrisası Xuraman Abdulla qızı Hacıyeva (7.3.1945 – 2005) vəfat edib.

15 fevral 2008 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” sərəncam imzalayıb.

 

16 fevral 1913 (yeni təqvimlə 1 mart) – Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913 – 19.12.1990) Göyçayda anadan olub. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyeslərinin, nəsr əsərlərinin müəllifidir. “Fətəli xan”, “Leyli və Məcnun “, “Babək” filmlərinin ssenarisini yazıb.

16 fevral 1916 – Tanınmış sənətşünas, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin, “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri” və s. kitabların müəllifidir.

16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 – 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindəndir.

16 fevral 1925 – Görkəmli memar Zivər bəy Əhmədbəyov (1873-1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub.

16 fevral 1935 – Xalq rəssamı, heykəltaraş Fazil İmamverdi oğlu Nəcəfov (1935 – 11.7.2023) anadan olub. Görkəmli bəstəkar Qara Qarayevin Bakıda ucaldılan abidəsinin, “İçərişəhər qadınları”, “Həyatın mərtəbələri”, “Minillik insan” və s. əsərlərin müəllifidir.

16 fevral 1945 – Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 20.3.1879 - 1945) vəfat edib.

16 fevral 2012 – Prezident İlham Əliyev böyük şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

14 fevral 1914 – İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi; 1914-1974) anadan olub. “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.

14 fevral 1944 – İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker; 1944 –31.7.2020) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, Kann kinofestivalının qalibi olub.

 

15 fevral 1564 – İtalyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei; 1564 – 8.1.1642) anadan olub.

15 fevral 1906 – Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb, Berlində Moabit həbsxanasında öldürülüb. Əsirlikdə yazdığı “Moabit gündəliyi” şeirlər toplusu ölümündən sonra nəşr olunub.

15 fevral 1914 – Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.

 

16 fevral 1845 – Amerika yazıçısı Corc Kennan (George Kennan; 1845-1924) anadan olub.

16 fevral 1926 – Britaniya kinorejissoru, “Oskar” (“Gecəyarısı kovboy”, 1970) mükafatçısı Con Şlezinger (John Richard Schlesinger; 1926–2003) anadan olub.

Hazırladı: V.Orxan