Xəbər verdiyimiz kimi, 2018-2023-cü illərdə Koreya Milli Araşdırmalar Fondunun maliyyə dəstəyi ilə Koreya dilində 8 cildlik “Türk humanitar elmlər ensiklopediyası” nəşr olunub.

Qazaxıstanın paytaxtı Astanada, Beynəlxalq Türk Akademiyasında nəşrin təqdimat mərasimi keçirilib.

AMEA-dan bildirilib ki, sözügedən nəşr Türk dünyası ölkə və xalqlarının (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, habelə Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva və Saxa respublikaları, həmçinin Çinin Sincan-Uyğur Muxtar Vilayəti) dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, folkloru və s. sahələri əhatə edir.

BTA-nın vitse-prezidenti Aşat Kəsikbayev qurumun həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Lev Qumilyov adına Avrasiya Milli Universitetinin prorektoru Serik Makış türk və Koreya dil əlaqələrinin tədqiqi ilə bağlı fikirlərini bölüşüb.

Layihənin rəhbəri, Cənubi Koreyanın Donqduk Qadın Universitetindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru professor Eunkyunq Oh “Türk humanitar elmlər ensiklopediyası”nın nəşr tarixindən danışıb, Koreyada türkologiya araşdırmaları məsələsinə toxunub.

Çıxış edən türkoloqlar Koreya və türk dilləri arasındakı oxşarlıqlara linqvistik baxımdan yanaşaraq qədim türklərin Koreya ilə əlaqələrindən bəhs ediblər. Bildirilib ki, 8 cildlik nəşr 4500 səhifədən ibarətdir və iki mindən çox anlayışın ətraflı təsvirini təqdim edir.