Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor, Xalq artisti Rövşən Hüseynovun 70 illik yubileyi qeyd olunub.

Fevralın 16-da keçirilən benefis formatlı yubiley gecəsində səhnəyə çıxan yubilyar həyatı və rol aldığı tamaşalar haqqında danışıb, sənət dostlarının təbriklərini qəbul edib, tamaşaçıların suallarını cavablandırıb.

Teatrsevərlərin, mədəniyyət nümayəndələrinin, sənət dostlarının qatıldığı gecədə Xalq artisti tərəf-müqabilləri, birgə işlədiyi rejissorlarla bağlı xatirələrindən danışıb, rol aldığı tamaşalardan fraqmentlər təqdim olunub. Sənətkar ailəsində, Naxçıvan teatrının inkişafında müstəsna xidmətləri olan aktyorların himayəsində böyüyən Rövşən Hüseynov bildirib ki, ilk sənət sirlərini nənəsi Əməkdar artist Xədicə Qazıyevadan, anası, Xalq artisti Sofiya Hüseynovadan öyrənib. Sənətkar ömrünün səhnədə keçən 56 ilində 200-dən artıq tamaşada çıxış edib. Xalq artisti Naxçıvan teatrında imzası olan, dünyasını dəyişmiş bənzərsiz aktyor və rejissorları  yada salıb. Diqqətə çatdırıb ki, ailəsi hər zaman Ulu öndər  Heydər Əliyevin qayğısını hiss edib. Dahi siyasətçinin Naxçıvan teatrı ilə bağlı səsləndirdiyi fikirlərin yer aldığı fraqment nümayiş olunub.

Sonra səhnəyə çıxan Xalq artistləri – Rza Xudiyev, Yasəmən Ramazanova, Şirzad Abutalıbov, Həsən Ağasoy, Kamran Quliyev, Əməkdar artist Əli Əliyev, teatrın baş rejissoru Mir Qabil Əkbərov, Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev sənətkarla bağlı xatirələrini bölüşüb, təbriklərini çatdırıblar.

Qeyd olunub ki, Rövşən Hüseynovun yaratdığı müxtəlif xarakterli obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aktyor həm də rejissor kimi özünü sınayıb, bir neçə səhnə əsərinə quruluş verib.

Daha sonra Naxçıvan teatrının direktoru Rza Xudiyev aktyora fəxri fərman təqdim edib.