Fevralın 22-də görkəmli yazıçı, dramaturq, publisist, naşir, maarif xadimi Cəlil Məmmədquluzadənin (1869–1932) anadan olmasının 155 illiyi tamam oldu.

Yazıçı realist hekayələri, povest və dram əsərləri (“Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Danabaş kəndinin məktəbi”) ilə milli maarifçi düşüncənin inkişafına misilsiz töhfələr verib.

Tanınmış maarif və mətbuat xadimi Ömər Faiq Nemanzadə ilə birgə əsasını qoyduqları “Molla Nəsrəddin” (1906–1931) jurnalı Azərbaycanda satirik jurnalistikanın bayraqdarı olub, tənqidi realizmin formalaşması və inkişafında mühüm rol oynayıb.

C.Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novatorluğu və demokratik mahiyyəti ilə seçilir. O, ədəbi əsərləri, publisistikası ilə ədəbiyyat və mətbu fikir salnaməmizi həm məzmun, həm də formaca zənginləşdirib. Kiçik hekayənin böyük ustası kimi tanınan Mirzə Cəlilin hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada dayanır.

Azərbaycançılıq məfkurəsini ilk dəfə ədəbiyyatımıza gətirən böyük ədibin dram əsərləri bir əsrdən çoxdur teatrlarımızın repertuarını bəzəyir.