Mən bu həyat yollarında
İlkin addım atıram.
Günlər keçir, əməlimlə
Mən arzuma çatıram.

Bu misralar Xalq şairi Fikrət Qocaya məxsusdur. Bəstəkar Adil Bəbirov bu sözlərə və Fikrət Qocanın bir neçə başqa şeirinə mahnılar yazıb. Bu mahnılar bir çox müğənnilərin ifasında dillər əzbəri olub.

Şeirdə qeyd olunduğu kimi hər bir insan addım atdığı həyat yolunda əməlləri ilə arzusuna çatır. Arzulara isə heç də asanlıqla çatmaq olmur. Enişli-yoxuşlu yollarla keçən ömür yaradıcı insan üçün keşməkeşli olsa da, maraqlı və sevindiricidir. Belə maraqlı yaradıcılıq yolu keçmiş unudulmaz bəstəkarımız, Əməkdar incəsənət xadimi Adil Bəbirovun bu il anadan olmasının 90 illiyidir. 

Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. Musiqi təhsilini tar sinfində alan gənc istedadı ilə ətrafdakılardan seçilirdi. Daha sonra təhsilini A.Zeynallı adına Bakı Musiqi Texnikumunda tanınmış tarzən Əhməd Bakıxanovun sinfində davam etdirir. 1954-cü ildə texnikumu bitirir və elə həmin ildə də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olur.

Sonralar tələbəlik illərindən bəhs edərkən müəllimləri haqqında xoş xatirələrlə söz açardı: “Mən ilk bəstəkarlıq dərslərimi Əşrəf Abbasovdan almağa başladım. Əşrəf müəllim konservatoriyanın rektoru idi, həm də bəstəkarlıq kafedrasında çalışırdı. Sonra o, mənə təhsilimi Qara Qarayevin sinfində davam etməyimi məsləhət gördü. Mən Qara Qarayevin rəhbərliyi ilə 5-ci kursa qədər bir çox əsərlərimi yazdım, lakin səhhətimlə əlaqədar son kursdan getməli oldum. Yalnız bir xeyli müddət sonra, 1978-ci ildə konservatoriyaya yenidən qayıdıb, simfonik əsərlə təhsilimi bitirərək diplomumu aldım”.

Bu xatirədən bəlli olur ki, həqiqətən də, sənət yolu çox enişli-yoxuşludur. Amma sənətdə də hər bir insanın ömrünə düşən qismət payıdır. Bəstəkar olmaq niyyəti ilə yaşayan Adil Bəbirov hər çətinlikdən keçərək bu sənətə peşəkarlıqla nail oldu və musiqinin müxtəlif janrlarına müraciət etdi.

Onun yaradıcılıq irsi rəngarəngdir. Fortepiano üçün prelüdlər, variasiyalar, skripka üçün sonata, violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar, filmlərə, teatr tamaşalarına (S.Vurğunun “İnsan”, B.Vahabzadənin “İz qalır”) yazılmış musiqilər, “Yer tutanlar” müzikli, konsert pyes, kamera orkestri üçün 5 pyes, balet süitası,  Azərbaycan xalq mahnılarının işləmələri və s.

Bəstəkarın 1966-cı ildə nəşr olunan fortepiano üçün sonatası, eləcə də 4 mahnıdan ibarət (“Mən anayam”, “İlk addımlar”, “Yollar”, “Xoşbəxt olsunlar”) not məcmuəsi (1968), “Azərbaycan bəstəkarlarının pyesləri” adlı fortepiano məcmuəsi (1975) özünəməxsusluğu ilə seçilir.     

Adil Bəbirovun yaradıcılığında 1980-ci ildə yazdığı estrada üçün I hissəli konsert-pyesi də böyük maraqla qarşılanmışdı. Konsertin ritm və intonasiyaları bir qədər caz musiqisinə xas olan elementləri özündə büruzə verir. Bu əsərlər peşəkar ifaçıların repertuarlarında xüsusi yer alıb.

O, mahnı janrında da dəyərli nümunələr yaradıb. Qeyri-adi melodizmi ilə fərqlənən mahnıları Ş.Ələkbərova, O.Ağayev, Y.Səfərov, Y.Rzazadə, E.Rəhimova, A.İslamzadə, M.Əhmədov kimi müğənnilərimizin ifasında “qızıl fond”a daxil olub. “Oyan”, “Bilirsən özün”, “Taleyim olar”, “Görüşə gəl”, “Çiçək açar ömrümüz”, “Ana laylası”, “İncitmə məni”, “El üçün”, “Özünlə apar”, “Ceyran baxışlı yar”, “Bənövşə”, “Salam olsun”, “Ey Vətən”, “Yurd yeri” mahnıları gözəl sənət inciləridir. Bu mahnılar B.Vahabzadə, F.Qoca, V.Səmədoğlu, Y.Həsənbəy və başqa şairlərin şeirlərinə bəstələnib.

Adil Bəbirov yaradıcılığında iri janrlı əsərlərə də müraciət edib. 1982-ci ildə “Yer tutanlar” müzikli Musiqili Komediya Teatrında səhnəyə qoyulmuş, “Melodiya” səsyazma firması tərəfindən 2 valdan ibarət alboma yazılmışdı.

Bəstəkar kino musiqisi sahəsində də məhsuldar çalışıb. Sənədli televiziya və cizgi filmlərinə (“Oxu tar”, “Sevinc”, “Azərbaycan ipəyi”, “Pəncə... qulaq... palaz... tikan”, “Sağ ol, dostum” və s.) filmlərini sadalamaq olar.

Adil Bəbirov hələ gənc yaşlarından təhsillə paralel olaraq, televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərib. 

2000-ci ildə Adil Bəbirov Kanadanın Toronto şəhərinə köçüb və 26 sentyabr 2021-ci ildə orada dünyasını dəyişib.

Hər bir yaradıcı insanı yaşadan özündən sonra qalan əməlləridir.  Sənətkarların isə əbədi ömrü həm də əsərlərində öz əksini tapır. Bu mənada unudulmaz bəstəkarımız Adil Bəbirov da öz əsərlərinin sayəsində daim yaşayacaq. Çünki onun musiqisi yaddaqalan və gözəl melodiyalardan rişələnir. Bu əsərlər daim bəstəkarı xatırladacaq.

Ruhu şad olsun.

Fidan Nəsirova-Əhmədova
Ü.Hacıbəyli adına BMA-nın elmi laboratoriyasının əməkdaşı