74-cü Berlinalenin mükafatçıları

 

15–24 fevral tarixlərində keçirilən 74-cü Berlin Film Festivalının (Berlinale – 2024) baş mükafatı – “Qızıl ayı” Seneqal əsilli Fransa aktrisası və rejissoru Mati Diopun “Dahomey” sənədli filminə verilib.

Festival laureatlarının mükafatlandırılma mərasimi fevralın 24-də axşam Berlinale sarayında baş tutub.

Diopun filmi Afrikadakı Dahomey krallığının xəzinələrinin vaxtilə qəsb olunaraq aparıldığı Parisdən öz vətənlərinə, indiki Beninə qaytarılmasından bəhs edir. Fransanın Afrikadakı müstəmləkəçiliyini də bir anlamda diqqətə çatdıran sənədli filmin Avropanın ən nüfuzlu kino mükafatlarından birinə layiq görülməsi maraq doğurur. Onu da qeyd edək ki, bu il Berlinalenin münsiflər heyətinə ilk dəfə qaradərili aktrisa, “Oskar” mükafatı laureatı Lupita Nyong’o (Keniya-Meksika) başçılıq edirdi.

Festivalın ikinci mükafatı sayılan “Jüri Qran-prisi” – “Gümüş ayı” ilə Cənubi Koreya rejissoru Honq Sanq-soo (“Səyyahın ehtiyacları” filmi) təltif olunub. Rejissor 2020-2022-ci illərdə də analoji mükafata layiq görülüb və bu onun dördüncü “Gümüş ayı”sıdır.

Fransız rejissor Bruno Dümon (“İmperiya” filmi) isə festivalın münsiflər heyətinin mükafatını (kiçik “Gümüş ayı”) qazanıb.

74-cü Berlinalenin digər mükafatçılarına gəlincə, “Ən yaxşı rejissor” nominasiyasında  dominikanlı Nelson Karlo de Los Santos Arias (“Pepe”), ən yaxşı aktyor olaraq amerikalı Sebastian Sten (“O biri adam”), ən yaxşı ikinci plan aktyoru kimi isə britaniyalı aktrisa Emili Uotson (“Belə kiçik şeylər”) seçilib, “Ən yaxşı ssenari müəllifi” isə alman Matias Qlasner (“Ölüm”) olub.

Xatırladaq ki, Berlinalenin fəxri “Qızıl ayı” mükafatına amerikalı rejissor Martin Skorseze layiq görülüb.

V.Kamal