Xalqımızın qan yaddaşı, dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biri olan Xocalı soyqırımının 32-ci ildönümü yerlərdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olunub.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən “Xocalı uşaqların gözü ilə” adlı rəsm və kitab sərgisi keçirilib.

Regional idarənin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba rayon MKS tərəfindən “Xocalı: faciədən Zəfərə!” adlı tədbir keçirilib. Prezident İlham Əliyevin işğaldan azad edilmiş tarixi torpaqlarımızda, o cümlədən Xocalıda bayrağımızı ucaltmasını əks etdirən videogörüntülər nümayiş olunub.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında Xocalı faciəsinə həsr olunmuş “Qisas qiyamətə qalmadı” adlı tamaşa nümayiş etdirilib.

Zərdab rayon Mərkəzi Kitabxanasında isə ‘’Xocalını unutmayaq, unutdurmayaq!’’ başlığı altında tədbir təşkil edilib. Məktəblilər şeirlərdən ibarət kompozisiya ilə çıxış ediblər.

Göyçay rayon Mədəniyyət Mərkəzində “Bir gecənin faciəsi” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bir çox torpaqlarımız kimi, Xocalı şəhəri də separatçılardan təmizləndi. Mərkəzin hazırladığı ədəbi-bədii kompozisiya ilə tədbir yekunlaşıb.

***

Şərqi Zəngəzur və Gəncə-Daşkəsən RMİ-lərin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də Xocalı soyqırımının ildönümünə həsr olunan tədbirlər keçirilib.

***

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Media Mərkəzinin dəstəyi, Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Hadrut, sən azadsan!” filminin təqdimatı olub.

İcra başçısı Faiq Qürbətov tədbirdə çıxış edib. Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov film haqqında məlumat verib. Filmin ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov ekran işi ilə bağlı fikirlərini bölüşüblər.

Filmdə 2020-ci ilin Vətən müharibəsinin parlaq səhifələrindən biri – Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması (9 oktyabr 2020-ci il) əməliyyatından bəhs edilir. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə iştirak etmiş döyüşçülər filmdə yer alıb.

Regional idarənin tabeliyindəki bir sıra mədəniyyət ocaqlarında da Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunan tədbirlər keçirilib.

***

İsmayıllı rayon Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində mərkəzin kollektivinin hazırladığı “Hədiyyə” tamaşası nümayiş olunub.

Ağsu rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə keçirilən digər tədbirdə mərkəzin “Sözün sehri” adlı poeziya klubu üzvlərinin təqdimatında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbirin sonunda iştirakçılar “Son döyüş” filmini izləyiblər.

***

Bərdə Dövlət Rəsm Qalereyasında “Xocalını dünyaya tanıdaq!” adlı anım tədbiri keçirilib.

Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış ediblər. Tədbirin sonunda şəhər Bülbül adına 1 nömrəli Uşaq incəsənət məktəbindəki rəsm dərnəyi üzvlərinin Xocalı faciəsinə həsr etdikləri rəsmlərə baxış olub.

***

Tovuz Dövlət Rəsm Qalereyasında “Xocalı unudulmaz faciədir” adlı dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

Şəmkir şəhər Uşaq musiqi məktəbi tərəfindən “Şəhidlər ölmürlər!” adlı tədbir keçirilib. Məktəbin müəllim və şagirdləri şəhidlərimizə həsr olunmuş kompozisiya təqdim edib, milli ruhlu şeirlər söyləyib, mahnılar səsləndiriblər.

***

Lənkəran şəhər Mərkəzi Kitabxanasında “Xocalı soyqırımı əsrin ən ağır faciəsidir!” adlı tədbir keçirilib. Məktəblilər Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər, kitab sərgisinə baxış olub.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində də Xocalı soyqırımının ildönümünə həsr olunan sərgi keçirilib. Cəlilabad Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi və Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə gerçəkləşən sərgidə Milli Qəhrəman Vüqar Mürsəlov adına Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Vəfa Əliyevanın şagirdlərinin əl işləri nümayiş olunub. Fərqlənən şagirdlər fəxri fərmanla təltif ediliblər.

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Xalq teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Xocalı naləsi” adlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Camaləddin Əliyev, səhnə tərtibatçısı Elsevər Əliyev, musiqi tərtibatçısı Ruslan Zahidovdur.

Astara Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə “Xocalını unutma!” devizi altında sərgi keçirilib. Sərgidə şagirdlərin əl işləri nümayiş etdirilib.

***

Sumqayıt Şəhər Gənclər Kitabxanasında “Dostluq” Mədəniyyət evinin kollektivi və  İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə “Mən Xocalıyam!” adlı xatirə gecəsi keçirilib. Şagirdlərin ifasında şeirlər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.

Nurəddin Məmmədli