Sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin “Qara Qarayevin violin konserti dünya musiqi mədəniyyəti kontekstində” kitabı çapdan çıxıb.

Fevralın 24-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində Bakı Müasir Musiqi Cəmiyyəti ilə birgə nəşrin təqdimatı keçirilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova tədbirdə açılış nitqi söyləyiblər.

Nəşrin ərsəyə gəlməsi haqqında danışan müəllif Yavər Neymətli apardığı araşdırmalar, əldə olunan maraqlı faktlar, arxiv materialları, topladığı rəylərdən söz açıb. Onun çıxışı Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan, Rusiya, Ukrayna, Estoniya və başqa respublikaların arxivlərindən əldə edilmiş materiallar əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Təqdimat zamanı Qara Qarayevin 60 illiyi münasibətilə çəkilmiş “Emalatxana” sənədli filmindən, “Violin və orkestr üçün konsert” əsərindən videofraqmentlər nümayiş etdirilib.

Kitabın elmi redaktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru professor Gülnaz Abdullazadə, kitabın rəyçisi, bəstəkar, professor Elnarə Dadaşova, BMA-nın professoru Zümrüd Dadaşzadə və “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Zöhrə Əliyeva çıxış edərək müəllifə təbriklərini çatdırıblar.