Fevralın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan musiqi axşamı keçirilib. 

Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azarbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Nicat Məsimov (balaban) və Hüseyn Nağıyev (kamança) öz ifalarını təqdim ediblər. 

Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert” (II hissə), Azər Dadaşovun “Xocalıya ədalət!”, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” əsərləri və “Sarı gəlin” xalq mahnısı səsləndirilib.