Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Səhnə danışığı kafedrasının müdiri, Xalq artisti, professor Məmmədsəfa Qasımovun “Teatr... Kino... Aktyor” adlı dərs vəsaiti çap olunub.

İxtisas üzrə fənlərin təlim nəticələrinin, aktyor və rejissor hazırlığının nəzəri və praktiki cəhətlərinin mənimsənilməsi, müvafiq bacarıqların qazanılması üçün kitabda lazımi tədris-təlim materialları toplanıb. Burada teatr sənətində nəzəriyyə və təlimlər, Konstantin Stanislavski, Li Strasberq və Vaqif İbrahimoğlu kimi nəzəriyyəçi və rejissorların metod və təcrübəsi təqdim olunur.

Dərs vəsaitində “Aktyorlar zəmanəmizin güzgüsüdürlər”, “Aktyor və obraz”, “Teatr sənətində nəzəriyyələr və təlimlər”, “Stanislavski təlimi. Metod, yoxsa sistem?”, “Psixoloji jestin strukturu”, “Aktyor sənəti və dünya təcrübəsi. Stanislavski metodu və Li Strasberq məktəbinin müqayisəli təhlili”, “Aktyorun öz üzərində və rol üzərində işi problemi”, “Səhnə danışığında durğu işarələrinin əhəmiyyəti”, “Bədii yaradıcılıq psixologiyası aktyor sənətində”, “Yaddaş və hissiyyat anlayışı”, “İncəsənətdə katarsis anlayışı”, “Rejissor və aktyorun yaradıcılıq əməkdaşlığı”, “Vaqif İbrahimoğlunun rejissurasında aktyorla iş xüsusiyyətləri” və s. başlıqlarda təqdim olunan materiallar tələbələr üçün dəyərli mənbədir.

Kitabda müəllifin çəkildiyi filmlərin, iştirak etdiyi tamaşaların siyahısı da xronoloji qaydada oxucuların diqqətinə çatdırılır.

Nəşrin elmi redaktoru sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov, rəyçiləri Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, sənətşünaslıq üzrə fəlsəfə doktorları Vidadi Qafarov və Elçin Cəfərovdur. Dərs vəsaiti ADMİU Elmi şurasının müvafiq qərarına əsasən çap edilib.