2023-cü ilin may ayında 31 illik ayrılıqdan sonra öz sakinlərini qoynuna almış Laçın şəhərində Novruzun dörd müjdəçisindən ilki – Su çərşənbəsi (27 fevral) münasibətilə bayram şənliyi təşkil olunub.

Bayram toplantısında Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC, “Laçın Abadlıq Xidməti” ASC-nin nümayəndələri, Laçın sakinləri iştirak ediblər.

“Gilabi Ceramics” yaradıcılıq mərkəzində keçirilən bayram şənliyində tonqal qalanıb, ətrafında yallı rəqsi oynanılıb. Laçınlılar öz evlərində hazırladığı şirniyyatlarla süfrələri bəzəyib, milli adət-ənənələrə uyğun olaraq gənc qızlar folklor nümunələri söyləyiblər. Qızlar bulaqdan su götürərək çiçəklərə, ağaclara və ətraf ərazilərə səpiblər. Orta və yaşlı nəslin nümayəndələri 32 il öncə Laçında keçirdikləri Novruz mərasimlərini yada salıb, təəssüratlarını bölüşüblər. Həmçinin mərkəzdə uşaqlar üçün ustad dərsləri təşkil olunub, onlar yumurta bəzəyib və gildən əl işlərinin hazırlamasını izləyiblər.

***

İsmayıllı rayonunun Mərkəzi meydanında Su çərşənbəsi ilə bağlı şənlik keçirilib. Tədbirdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Niyal” instrumental ansamblının ifasında Novruz bayramına həsr edilən mahnılar səsləndirilib, rayon sakinləri təbiətin oyanışının rəmzi olan bayram tonqalı ətrafına toplaşıblar.

***

Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən şənlikdə milli şirniyyatlar, təamlar, yerli sənətkarların əl işləri, Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin Novruza həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Tədbir boyu Qazax Dövlət Dram Teatrı və Tovuz rayon Xalq teatrı aktyorlarının ifasında maraqlı səhnəciklər, saz və qarazurnada musiqi nömrələri ifa olunub. Su çərşənbəsinə məxsus adət-ənənələrin nümayişi tədbir iştirakçılarında xoş ovqat yaradıb.

***

Salyan Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə iştirak edən uşaqlara Su çərşənbəsi haqqında, su ilə bağlı qədim məişət əşyalarının tarixindən bəhs edilib. Sonra uşaqlar arasında müxtəlif oyunlar təşkil olunub.

***

Şuşanın işğaldan azad edilən Turşsu kəndində də bir qərinədən sonra çərşənbə tonqalı qalanıb. Böyük Qayıdış proqramı çərçivəsində yenidənqurma işləri aparılan kənddə çalışan fəhlə və ustalar Su çərşənbəsini qeyd ediblər.

Yenidən qurulan kəndin layihə rəhbəri Elnur Abdullayevin sözlərinə görə, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşən kəndin ümumi ərazisi 122,7 hektardır. Kənddə yaşayış evləri, kommunikasiya xətləri və digər tikililər tamamən yenidən qurulacaq. Tikinti işləri vahid memarlıq üslubunda görüləcək. Həmçinin mərkəzi və əsas küçələrdən biri turizm üçün nəzərdə tutulub. Kəndin yaxınlığında yerləşən Turşsu bulağı ətrafında da turizm sektoru üçün vacib olan obyektlərin qurulması planlaşdırılır. Gələcəkdə burada kempinq tipli istirahət mərkəzi yaradılacaq.

***

Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Su çərşənbəsi ilə əlaqədar tədbir keçirilib. Çıxış edənlər ilaxır çərşənbələrdən birincisi olan Su çərşənbəsinin icra olunan ayinlərindən söz açıblar. Tədbir şəhər Mədəniyyət Mərkəzi, Uşaq incəsənət məktəbi və 4 nömrəli Uşaq musiqi məktəbinin birgə hazırladığı konsert proqramı ilə davam edib.

N.Məmmədli