Azərbaycanın dünyada tanınan zəngin mədəniyyəti, incəsənəti nəsilləri bir-birini əvəzləyən dəyərli sənətkarların əməyi, zəhməti sayəsində böyük inkişaf yolu keçib. Bu gün də Azərbaycan incəsənətini, o cümlədən musiqi sənətini inkişaf etdirən, dünyada təbliğinə töhfə verən yaradıcı insanlarımız onların yolunun davamçılarıdır.

Onların arasında çoxşaxəli yaradıcılığı ilə tanınan Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərovun adını xüsusi vurğulamaq istərdim. Opera və kamera ifaçısı, onlarla şagird və tələbə yetişdirən müəllim, Azərbaycan vokal ifaçılıq sənətinin tədqiqatçılarından biri, eləcə də beynəlxalq festival və digər tədbirlərin bədii rəhbəri və təşkilatçısı kimi fəaliyyət göstərən İlham Nəzərov usanmadan öz üzərində çalışaraq yeni uğurlara yol açır.

Martın 3-də bu uğurların sırasına daha biri yazıldı. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera studiyasında səhnələşdirilən K.V.Qlükün “Orfey və Evridika” operası Əməkdar artistlər İlham Nəzərov, Fəridə Məmmədova və beynəlxalq müsabiqələr laureatı Zümrüd Davudova kimi peşəkarların sayəsində tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.

Əməkdar artist Yuri Lobaçev xoreoqraf kimi operaya yeni nəfəs bəxş etdi. İlk dəfə Evridika partiyasını səsləndirən F.Məmmədova bu partiyanın ondan öncəki ifaçılarından seçilirdi. Onun canlandırdığı Evridika daha zərif və nəcib idi. Operanın üçüncü pərdəsindəki “Che fiero momento” ariyası bəstəkarın üslub xüsusiyyətlərini tam əks etdirirdi. Orfeylə duet əzəmətli səslənirdi.

Orfey və Evridika rollarının xoreoqrafik təcəssümü – balet artistləri Nigar İbrahimova (Əməkdar artist) və Seymur Qədiyevin üçüncü pərdədəki dueti də tamaşaçıları valeh etdi.

Xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, hər zaman olduğu kimi, bu tamaşada da xorun mükəmməl səslənməsinə nail oldu. İstər birinci pərdədə, istərsə də digər hissələrdə fərqli vokal məktəblərinə malik xor artistlərinin birlikdə ahəng təşkil etməsi xüsusi qeyd edilməlidir.

Vurğulamaq istərdim ki, “Orfey və Evridika” operası ilk dəfə 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti Kamilla Hüseynovanın verdiyi quruluşda Əməkdar artist Əyyub Quliyevin idarəsi altında səhnələşdirilib. Ümid edirəm ki, yüksək peşəkarlığa malik vokal və balet artistlərinin təfsirində yeni-yeni opera və baletlərin tamaşaçısına çevriləcəyik.

Yulizana Kuxmazova
Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru