Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 19-da Heydər Əliyev Sarayında “Novruz” musiqili tamaşası nümayiş olunub.

Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaya maraqla baxıblar.

Təbiətin oyanışını simvolizə edən ilaxır çərşənbələrin əhatə olunduğu dördhissəli tamaşanın məqsədi Azərbaycanın tarixi qədər qədim olan Novruz bayramını, onun çoxminillik adət-ənənələrini təbliğ etmək, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir. Tamaşada uşaqlar da aktyor qismində çıxış ediblər.

Qeyd edək ki, musiqili tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. O həm də yazıçı-dramaturq İlqar Fəhmi ilə birgə tamaşanın ssenari müəllifidir. Səhnə əsərinin musiqi tərtibatını bəstəkar Azər Hacıəsgərli verib.

Bayram tədbirində Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri də iştirak ediblər.