Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər Musiqi məktəbinin kollektivi Gürcüstana səfərdən qayıdıb. Səfər ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.

Məktəbin direktoru Əməkdar müəllim İkram Manafov bildirib ki, kollektiv ənənəvi olaraq Novruz bayramında Tbilisi şəhərinə dəvət alır, bayram tədbirlərində iştirak edir.

Gürcüstanın paytaxtındakı Heydər Əliyev parkının qarşısında təşkil olunan builki tədbir Novruz tonqalının alovlandırılması ilə başlayıb. Sonra musiqi məktəbinin kollektivi geniş konsert proqramı ilə çıxış edib.