Novruz tətilindən sonra Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) sənətsevərləri salonuna toplayaraq onlara daha bir bayram havası yaşatmağa çalışdı. Özü də 27 mart – Dünya Teatr Günündə. Həmin gün qusarlı teatr təmsilçiləri paytaxtdakı teatrsevərlərə qoşularaq əlamətdar günü qeyd etdilər.

ATXİ-nin məsul katibi, teatrşünas Aida Qafarova tədbirə qatılanları beynəlxalq peşə  bayramı münasibətilə təbrik etdi, bu günün əhəmiyyətindən, dünyada və ölkəmizdə teatra münasibətdən qısa söz açdı. İttifaqın il ərzində reallaşacaq tədbirləri, ənənə halını alan layihələr barədə də məlumat verildi.

Sonda səhnə ATXİ-nin “Qonaq teatr” layihəsinin növbəti iştirakçısı – Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarına verildi. Teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Adət” tamaşası (müəllif Turqut Özakman) göstərildi.

Əsər iki ailə arasında uzun illər baş verən qan davasını ön plana çıxarır. Tamaşa boyu sadə, insanların köhnə fikir və adətlər ucbatından necə asanlıqla bədbəxtliyə düçar olaraq neçə-neçə talelərin məhvə yuvarlandığına şahidlik edirik.

Səhnə əsərinin quruluş müəllifi Xəzər Gəncəli, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Rolları Bağır Əhmədov, Bədəl Bədəlov, Elnur Hacıyev, Lalə Qurbanova, Emma Xeyirbəyova, Kəmalə Səfərova, Yeganə Kərimova, Sədaqət Əlimuradova, Şəküfə Mirzəağayeva, Rəhilə Hacıyeva, Diana Cəfərova ifa edirdilər.

Maraqla izlənilən tamaşadan sonra teatrın direktoru Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov və quruluşçu rejissor Əməkdar artist Xəzər Gəncəli ATXİ-nin fəxri fərmanı ilə təltif olundular.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və ATXİ-nin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi bölgə teatrlarının paytaxta inteqrasiyasına təkan vermək, onların yaradıcılıq potensialını daha geniş auditoriyaya təqdim etməkdir.

Həmidə