М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Baharın səsi” adlı konsert keçirilib.

Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – respublika və beynəlxalq müsabiqələrin laureatları Atəş Qarayev (tenor), Nigar Əsgərova (soprano) çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin və Gülçöhrənin ariyaları, F.Əmirovun “Azərbaycan” süitası, A.Əlizadənin “Babək” baletindən fraqmentlər, X.Mirzəzadənin “Bağ mövsümü” kinofilminə yazdığı “Gəzinti”, Q.Qarayevin “Dəniz neftçiləri haqqında povest” kinofilmindən Vals, T.Quliyevin “Laylay”, Niyazinin “Vətən haqqında nəğmə” və “Qaytağı” əsərləri səsləndirilib.

***

Azərbaycan Dövlət Akademik Filarmoniyasında daha bir musiqi axşamında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) çıxış edib.

Orkestr və solist, Əməkdar artist Fəridə Məmmədova (soprano) klassik musiqi nümunələrini ifa edib. Proqramda V.Motsartın “Divertisment” (D dur, K.136), “Exsultate, Jubilate” moteti (K.165), F.Şubertin “Offertorium”, op.46, D.136 (Bakıda ilk ifa), P.Çaykovskinin “Elegiya”, F.Əlizadənin “Rəqs” və N.Skalkottasın 5 yunan rəqsi (Bakıda ilk ifa) yer alıb.