Dünya Teatr Günü ilə bağlı daha bir tədbir Azərbaycan Dövlət Kukla Teatrında keçirilib.

Martın 27-də teatrın sosial-mədəni layihələri çərçivəsində 200 nəfərə yaxın əlilliyi olan uşaq və yeniyetmələr üçün sənət ocağının son premyerası – “Dovşanın ad günü” tamaşası göstərilib. Sonra balacalara hədiyyələr təqdim olunub.

Tamaşa uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması əsasında ərsəyə gəlib. Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Tamaşada hadisələr bir meşədə təsvir olunur. Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dovşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olurlar və bir-birinə kömək edirlər. Onlar əlbir olub Tülkü ilə Canavarı da məğlub edirlər. Beləcə, dostluq və dürüstlük, qorxmazlıq və birlik qalib gəlir.

Maraqla qarşılanan tamaşadan sonra X.Əlibəylinin qızı, professor Gülər Abdullabəyli, UAFA (Azərbaycana Birgə Yardım) Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova çıxış edərək tədbirin təşkilatçılarına və yaradıcı heyətə təşəkkür ediblər.