Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə aprelin 27-dən mayın 3-dək gənc ifaçıların Opera festivalı keçiriləcək. Festivalda 14 yaşadək ifaçılar iştirak edəcəklər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında iştirakçılar üçün məşq təşkil olunub.

Xalq artisti Fidan Hacıyevanın sözlərinə görə, Azərbaycan və xarici bəstəkarların əsərlərinin daxil edildiyi canlı proqram hazırlanıb. Gənc ifaçılar həm xorun tərkibində, həm də solo ifaçısı kimi səhnəyə çıxacaqlar.

Aprelin 29-da “Fidan Hacıyeva vokal musiqi məktəbi”ndə və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Mezzo” qadın kamera orkestrinin (konsertmeyster Kübra Rzayeva) müşayiəti ilə gənc istedadların konserti keçiriləcək.

Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və paytaxtın digər musiqi məktəblərinin, “Aybəniz Haşımovanın incəsənət akademiyası”nın şagirdləri, Azərbaycan Beynəlxalq Məktəbinin (TISA) uşaq xoru, “Big Ben Kids Aсademy” uşaq xoru iştirak edəcək.