Azərbaycan ilə Belarus arasında əlaqələrin köklü tarixi var və bu əməkdaşlıq geniş spektri əhatə edir. İki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə dəfələrlə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin mütəmadi səfərləri və s. çoxcəhətli mədəni əməkdaşlığın göstəricisidir.

1-4 aprel tarixlərində Bakıda keçiriləcək Belarus Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq. 

Aprelin 1-də saat 19:00-da mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində Belarus Kinosu Günlərinin açılış mərasimi olaraq. Rejissor A.Yefremovun ötən il lentə aldığı “Лист ожидания” filmi nümayiş etdiriləcək.

Aprelin 2-də saat 15:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisi açılacaq.

Həmin gün saat 16:00-da Nizami Kino Mərkəzində kinosevərlər “Перезвон” sənədli filmini (2021, rejissor E.Setko) izləyəcəklər.

Saat 18:00-da isə Heydər Əliyev Sarayının foyesində banner sərgisi, Belarus xalq sənətkarlıq nümunələri təqdim olunacaq, ustad dərsi təşkil ediləcək.

Axşam saat 19:00-da Heydər Əliyev Sarayında Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Qonaq ölkənin incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.

Həmin gün Nizami Kino Mərkəzində saat 19:00-da “Подрыв” müharibə dramı (2022, rejissor İ.Pavlov) göstəriləcək.

Belarus Mədəniyyəti Günlərinin daha bir tədbiri aprelin 3-də saat 15:00-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək. Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq.

Belarus kinosunu sevənlər ayın 3-də saat 19:00-da Nizami Kino Mərkəzində “Страна спасённого великана” sənədli filmini (2023, rejissor İ.Bışnev) izləmək imkanı əldə edəcəklər.