Mədəniyyət Yoluna Adanada start verilib

 

Xəbər verdiyimiz kimi, 2024-cü ilin aprel – noyabr aylarında Türkiyədə növbəti Mədəniyyət Yolu Festivalı keçirilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ildə əsası qoyulan festival bu il səkkiz ay ərzində 16 şəhəri əhatə edəcək.

Aprelin 13-də Türkiyə Mədəniyyət Yolu Festivalı Adanada start götürüb. Adana Portağal Çiçəyi Karnavalı ilə başlayan festivalın bu mərhələsi 21 aprelədək davam edəcək.

Açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu müddətdə Adananın otuz fərqli nöqtəsində beş yüzədək tədbir keçiriləcək. Bu tədbirlərdə minə yaxın sənətçi çıxış edəcək.

Növbəti illərdə keçiriləcək festivallarda həm şəhər, həm də iştirakçı sayını artırmağı nəzərdə tutduqlarını qeyd edən nazir 2028-ci ildə Mədəniyyət Yolunun Türkiyənin 35 şəhərindən keçəcəyini deyib.

Konsertlər, sərgilər, milli mətbəx, teatr, opera və balet tamaşaları, uşaqlar üçün əyləncələr və bu kimi bir çox fərqli tədbirləri əhatə edən festivalın əsas məqsədi müxtəlif yaş və qrupdan insanları bir araya gətirərək, Türkiyənin şəhərlərini dünyada tanıdılmasına, eyni zamanda mədəniyyət və incəsənətin inkişafına töhfə verməkdir.

Qeyd edək ki, Türkiyə Mədəniyyət Yolu Festivalı ötən üç ildə dünyada ən uzunmüddətli, eləcə də ən çox sənətçi və iştirakçı sayı olan festivala çevrilib.

Bu il 16 şəhərdə 600-dən çox məkanda 6 min tədbir planlaşdırılır. Bu tədbirlərə Türkiyədən və dünyanın müxtəlif ölkələrindən 40 minə yaxın sənətçinin qatılması gözlənilir.

Adanadan sonra festivalın sonrakı marşrutu 25 may – 2 iyun tarixlərində ölkənin cənub-şərqindəki Şanlıurfadan keçəcək. Qədim tarixi irsi və mədəni zənginlikləri olan Şanlıurfa xüsusilə 2018-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “Göbəkli təpə” arxeoloji abidəsi ilə məşhurlaşıb. 12 min il tarixi olan “Göbəkli təpə” kompleksi dünyada ən qədim meqalit (daş) tikililərdən biri hesab edilir. 2019-cu ildə burada arxeoloji muzey-kompleks açılıb. Ötən müddətdə “Göbəkli təpə”ni 2,5 milyondan çox turist ziyarət edib.

Şanlıurfadan sonra Mədəniyyət Yolu Festivalı Bursa, Samsun, Trabzon, Van, Nevşehir (Kapadokya), Ərzurum, Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir və  İzmirdə davam edəcək. Festival noyabrın 10-da Antalyada başa çatacaq.

V.Kamal