Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 147 nömrəli Texniki humanitar liseylə birlikdə 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü  ilə əlaqədar tanınmış uşaq yazarları Qəşəm İsabəyli və professor Zahid Xəlil ilə görüş keçirib.

Görüşdə hər iki müəllifin həyat və yaradıcılığı haqqında məlumat verilib, kitab sərgisinə baxış keçirilib. Bildirilib ki, ölkəmizdə müasir uşaq ədəbiyyatının formalaşmasında hər iki yazarın xüsusi rolu var.

Zahid Xəlil və Qəşəm İsabəyli çıxışlarında əsərləri haqqında məlumat verib, yeni şeirlərini söyləyiblər. Onlar məktəblilərə kitabları sevməyi və mütaliə etməyi tövsiyə ediblər.

Daha sonra şagirdlər şairlərin əsərləri əsasında hazırlanan kompozisiya nümayiş etdiriblər.

Yazarlar oxucuların suallarını cavablandırıblar.

Sonda şair Qəşəm İsabəyli “Boz cücələrlə məşhur oğrubaşı Qara pişiyin ölüm-dirim savaşı” adlı kitabını kitabxanaya hədiyyə edib.

Xatırladaq ki, Dünya Kitab və Müəllif Hüquqları Günü barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. Əlamətdar gün 1996-cı ildən bütün dünyada qeyd olunur.