Gənc rəssamın Əliağa Vahidə həsr olunan fərdi sərgisi açılacaq

 

Aprelin 26-da Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Pərviz Abasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq.

Sərgi görkəmli şair Əliağa Vahidə (1895–1965) həsr olunub.

Sərginin açılışında əvvəlcə Əliağa Vahidin həyatından bəhs edən Şahmar Ələkbərovun 1991-ci ildə lentə aldığı “Qəzəlxan” filmindən fraqmentlə başlayacaq. Həmin fraqmentdə səslənən “Biz kimik, məclis onun məclisidir” misrası sərginin adında da öz əksini tapıb. Sərginin ideyası köhnə Bakını və onun ənənələrini yaşatmaqdır. Pərviz Abasovun Bakıya və onun keçmiş adət-ənənələrinə olan məhəbbəti əsərlər üzərində təkcə tematikası baxımından deyil, eyni zamanda çəkilmə tərzi və texnikasına görə də bir-birini tamamlayır. “Mərdəkan”, “Bilgəh”, “Ciyər axşamı” kimi əsərlərdə o dövrün toy adət-ənənəsi, məhəllədə nərd oynayan Bakı sakinləri, Bakının küçələri təsvir olunub. Unudulmaqda olan köhnə Bakı adət-ənənələri və ona olan bağlılıq rəssamın bu mövzuda silsilə əsərlər yaratmağa sövq edib.

Qeyd edək ki, Pərviz Abasov 2008–2012-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Kollecində heykəltaraşlıq ixtisası oxuyub. 2015–2019-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr, 2021–2022-ci illərdə isə akademiyada heykəltaraşlıq ixtisası üzrə magistr təhsili alıb. Bir çox sərgi və müsabiqələrin iştirakçısı olan rəssam 2019-cu ildə böyük türk sərkərdəsi, Osmanlı ordusunun generalı, 1918-ci ildə Bakını erməni-bolşevik işğalından azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın büstünü hazırlayıb. Həmin büst hazırda Türkiyənin Bakıdakı səfirliyində qoyulub.

“Biz kimik, məclis onun məclisidir” sərgisi aprelin 30-dək davam edəcək.

Lalə