Özbəkistanın Xivə şəhərində keçirilən II “Lazgi” Beynəlxalq Festivalında bizim milli rəqs sənətimizin də təmsil olunacağı barədə məlumat vermişdik. Aprelin 25-dən 30-dək davam edən sənət bayramında iştirakımız layiqincə dəyərləndirilib.

Azərbaycan Dövlət Rəqs Ansamblı festivalda “Ən yaxşı rəqs kollektivi” nominasiyasında I yerə layiq görülüb. Kollektivin performansı festivalın xatirə hədiyyəsi və 2500 dollar məbləğində pul mükafatı ilə qiymətləndirilib.

Ansamblın 12 nəfərdən ibarət qrupu festivalda Vasif Adıgözəlovun musiqisinə qurulmuş “Mənim Azərbaycanım” süitasını (quruluşçu xoreoqraf Rüfət Xəlilzadə) və “Qaytağı” xalq rəqsini ifa edib.

Kollektivin bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə hələ Özbəkistanda ikən təəssüratını bizimlə bölüşdü: “Festivalda Özbəkistan, Gürcüstan, Misir, Braziliya, Koreya, Türkmənistan, Tacikistan, Rusiya, Qazaxıstan və digər ölkələrdən tanınmış rəqs kollektivləri çıxış edirdilər. Festivalda tam heyətlə çıxış edə bilməsək də, 12 rəqqasımızın hər biri əzmkarlıq nümayiş etdirdi, öz enerjisi, istedadı və mükəmməl ifası ilə tamaşaçıları heyran etdi. Çox şadıq ki, münsiflər heyəti də ədalətli qərar verdi. Festival çərçivəsində həm də rəqs sənətinə həsr olunmuş elmi konfrans keçirildi. Həmin konfransda mən də çıxış edərək Azərbaycan milli geyim atributları, qədim rəqslərimiz, meydan oyunları barədə danışdım, əyanilik üçün slaydlar nümayiş etdirdim. Qobustan qayaüstü rəsmlərində həkk olunmuş “Yallı” rəqsini xatırladan rəqs elementləri, qavaldaş haqqında, musiqimizdə 24 ritmin mövcudluğu barədə söylədiklərimi bir sıra ölkələrdən gəlmiş rəqs tədqiqatçıları, xoreoqraflar maraqla qarşıladılar”.

Onu da əlavə edək ki, yaxın zamanlarda Azərbaycan Dövlət Rəqs Ansamblı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İrs – bütöv Azərbaycan” adlı yeni proqramla Bakıda çıxış etməyə hazırlaşır.

Gülcahan Mirməmməd