Mahnı müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib
   
   Martın 16-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin növbəti iclası oldu. İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı fəal hazırlıq işlərinin aparıldığını bildirdi.
   
   Azərbaycanın birinci xanımı “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğuladı və Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırdı ki, bu istiqamətdə bir çox məsələlər artıq həllini tapıb, amma bununla belə icrası vacib bəzi məsələlər də var.
   “Eurovision-2012” mahnı müsabiqəsinə iki aydan az vaxtın qaldığını deyən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qeyd etdi ki, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanıb.
   Sonra Təşkilat Komitəsi üzvlərinin “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə görülən işlər barədə məlumatları dinlənildi. Bildirildi ki, həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə gedir. Avropa Yayımları Birliyinin mütəxəssisləri görülən işləri yüksək qiymətləndiriblər.
   
   “Dünya Bakı şousuna daha da valeh olacaq”
   
   Müsabiqəyə hazırlıq işləri martın 17-18-də Bakıda “Eurovision” mahnı müsabiqəsinin məşvərət qrupunun iclasında da müzakirə olunub. Müsabiqənin prodakşn məsələlərinə dair yeni məlumatlar verilib, tədbirin keçiriləcəyi “Bakı Kristal Zal”da (“Baku Crystall Hall”) “Eurovision -2012” səhnəsinin tərtibatı ilə bağlı müzakirələr aparılıb.
   Məşvərət qrupunun rəhbəri Frank-Dieter Freiling qeyd edib ki, Azərbaycan möhtəşəm bir şou hazırlayır: “Eurovision-2012” mahnı müsabiqəsində təkcə arena yox, həm də şounun konsepsiyası yeni olacaq. Ümid edirik ki, ötən il Düsseldorf şousundan təsirlənmiş auditoriya Bakı şousuna daha da valeh olacaq”.
   
   Müsabiqə iştirakçılarının çıxış ardıcıllığı müəyyən ediləcək
   
   Qeyd edək ki, martın 19-da Bakıda “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edən 42 ölkənin nümayəndə heyətləri rəhbərlərinin iclası başlanıb. Nümayəndə heyətlərinə müsabiqəyə aid olan məkanlar, hotellər, “Bakı Kristal Zalı” və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat verilib.
   İki gün davam edəcək toplantıda 42 ölkə arasında püşkatma mərasimi olacaq. Püşkatma nəticəsində mayın 22 və 24-dəki yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunacaq 6 ölkənin (Azərbaycan, Almaniya, Fransa, İtaliya, Britaniya, İspaniya) çıxış ardıcıllığı müəyyən olunacaq.
   
   “Baku Crystall Hall”ın tikintisi yekunlaşmaq üzrədir
   
   “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystall Hall”ın tikintisi yekunlaşmaq üzrədir. “Baku Crystall Hall”ın tikintisi 2011-ci ilin avqustunda başlanıb. Tikinti işlərini Almaniyanın “Alpine Bau Deutchland AG” şirkəti həyata keçirir. Hazırda sarayın fasadı və dam örtüyündə işlər davam etdirilir. Zalda havalandırma sistemi quraşdırılıb, elektrik naqilləri çəkilib. Tikinti işləri martın sonlarında yekunlaşacaq və aprelin ortalarınadək müsabiqənin səhnəsi və işıq sistemləri quraşdırılacaq. Hazırda arenanın ətrafında da tikinti-abadlıq işləri aparılır.
   Cari ilin yanvarında arenada olan Avropa Yayımları Birliyinin nümayəndələri burada aparılan tikinti işləri ilə yaxından tanış olmuş və görülmüş işləri yüksək qiymətləndiriblər. “Baku Crystall Hall”da dünya və Avropa idman yarışlarının keçirilməsi də mümkün olacaq.
   
   “EuroClub” və “EuroVillage”in məkanları açıqlanıb
   
   “Eurovision” mahnı müsabiqəsinin əsas və əyləncəli məkanlarından biri də tədbir günlərində təşkil olunan “EuroClub”dur. “Eurovision-2012”un İşçi Qrupundan verilən məlumata görə, müsabiqə çərçivəsində “EuroClub” Əl Oyunları İdman Sarayında yerləşəcək. Mayın 13-dən açılacaq “EuroClub”a giriş akkreditasiya və dəvətnamələrlə olacaq. Burada mayın 22 və 24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonrakı şənlik mərasimləri, dj-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə proqramları təşkil olunacaq.
   Müsabiqənin digər maraqlı məkanı - “EuroVillage” isə Bakı Bulvarı ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq.
   “EuroVillage”in rəsmi açılışı isə mayın 19-da olacaq. Burada gündəlik şou proqramlar, müxtəlif konsertlər, müsabiqəyə aid aksessuarların satışı təşkil olunacaq.