Fotomüsabiqəyə yekun vuruldu
   
   Martın 28-də Muzey Mərkəzində GoMap.az internet portalı tərəfindən keçirilmiş “Mənim Azərbaycanım” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi oldu. Mədəniyyət və Turizm Nazirliyinin dəstək verdiyi müsabiqə facebook.com sosial şəbəkəsində keçirilib.
   
   Müsabiqəyə 87 iştirakçı tərəfindən 255 fotoşəkil təqdim olunub. Fotoşəkillərə 34672 rəy yazılıb və şəkillər ətrafında maraqlı müzakirələr aparılıb. Müsabiqə nəticəsində 532 min 611 nəfər şəbəkə istifadəçisi fotomüsabiqənin səhifəsini ziyarət edib.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev GoMap.az layihəsinin əhəmiyyətindən və özəlliklərindən danışdı. Qeyd olundu ki, onlayn naviqator sistemi geniş texniki imkanları ilə yanaşı, eyni zamanda Azərbaycanın tanıdılması, tarixi-mədəni irsimizin təqdim olunmasında mühüm mənbədir.
   Nazir naviqasiya portalı tərəfindən Azərbaycanı beynəlxalq aləmdə tanıdılmasına xidmət edən müsabiqənin təşkilini də yüksək qiymətləndirdi: “Müsabiqədə fotoya marağı olan hər kəs iştirak edə bilərdi. Səsverməyə əsasən qaliblər müəyyən olunurdu. Sevindirici haldır ki, müsabiqəyə Azərbaycanda və ölkəmizdən kənarda böyük maraq olub. Müsabiqədə yarım milyondan çox adam iştirak edib. Minlərlə adam fotoların müzakirəsində iştirak edərək fikirlərini bildirib. İstifadəçilərin sayı günbəgün çoxalır və GoMap.az populyar naviqasiya sisteminə çevrilir. Yeni mədəniyyət ocaqlarının, tədbirlərin, hadisələrin təşkili ilə bağlı məlumatlar da sayta daxil edilir. Artıq “Eurovision” mahnı müsabiqəsinin bütün qonaqları sistemə qoşularaq istiqamətlər, tarixi abidələr və görməli yerlər haqqında rahat məlumat əldə edə bilərlər” .
   Mərasimdə çıxış edən “Sinam” şirkətinin prezidenti Elçin Əliyev GoMap.az sistemindəki yeniliklər haqqında məlumat verdi. “Eurovision” mahnı müsabiqəsi ilə bağlı saytın ziyarətçilərinin sayının artdığını bildirdi. Sistemin genişləndirilməsi haqqında məlumat verən E.Əliyev Gürcüstanın xəritəsinin də sistemə əlavə olunduğunu, lakin bu layihə üzərində hələlik hazırlıq işlərinin getdiyini dedi.
   Sonra müsabiqə qalibləri elan olundu. Bildirildi ki, birinci yeri “Şəki şəhəri, Baş Küngüt kəndi” fotoşəkilinin müəllifi Nahid Əliyev qazanıb. Bu fotoya 8019 səs verilib. “Şəmkir rayonundan Muxtariyyə kəndinə gedən yol. Arxeoloji qazıntılar” fotosu ilə Sübhan Cəbrayıllı ikinci (5005 səs), “Yardımlı rayonu” fotoşəkilinin (3629 səs) müəllifi Kamil Mirzəyev isə üçüncü yeri tutub.
   Nazir Ə.Qarayev “Mənim Azərbaycanım” fotomüsabiqəsinin qaliblərinə mükafatlar təqdim etdi.
   Həmçinin Təşkilat Komitəsi “Müsabiqənin ən aktiv iştirakçısı” nominasıyasında Sənubər Nəsibovanı və “Təşkilatçı rəğbətini qazanmış foto” nominasiyasında Fərqanə Qasımlını da mükafatlandırdı.
   
   Reyhan