Martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Reklam mədəniyyəti - reallıqlar və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları ilə görüşdü.
Nazir konfransın əhəmiyyətini vurğulayaraq tədbir çərçivəsində reklam işinin elmi nəzəriyyəsi və təcrübəsi, müasir həyatda reklamın rolu və s. aktual məsələlərin müzakirə edildiyini bildirdi. Mədəniyyətin inkişafına xidmət edən reklamın vacibliyindən danışdı. Həmçinin xarici telekanallarda Azərbaycana dair reklam çarxlarının nümayişinin genişləndirilməsi istiqamətində aparılan işlərdən söz açaraq zorakılığın, irqçiliyin və mənəviyyatsızlığın təbliğinin qarşısını almaq üçün ictimai nəzarətin vacib olduğunu diqqətə çatdırdı.
Ölkəmizin dünya turizm bazarına çıxmasına kömək göstərəcək reklamın əhəmiyyətini qeyd edən nazir bildirdi ki, Azərbaycan Beynəlxalq Reklam Forumuna qoşulmaqla bu istiqamətdə daha intensiv addımlar atacaq. Qeyd olundu ki, Azərbaycanda turizm sektorunun inkişafı, istirahət, əyləncə mərkəzlərinin reklamı ilə yanaşı, mədəniyyət mərkəzlərinin təbliğinə də xüsusi yer ayrılır. Nazir artıq 5 ildir ki, fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutunun fəaliyyətindən danışaraq orada reklam və marketinq üzrə fakültənin açılacağını dedi.
Görüşdə iştirak edən reklam və marketinq üzrə mütəxəssislər Ernie Heath (CAR), Vladimir Yestafyev (Rusiya), Xatuna Nozadze, David Şimşilaşvili (Gürcüstan) konfransın keçirilməsinə görə minnətdarlıqlarını bildirərək, belə forumların müntəzəm təşkilinin zəruri olduğunu qeyd etdilər. Qeyd olundu ki, Bakı konfransında 20-dək ölkənin nümayəndələri iştirak edib. Növbəti illərdə keçiriləcək konfransda iştirakçıların sayı xeyli artacaq, çünki müzakirə olunan məsələlər reklam sahəsində çalışan hər kəs üçün böyük əhəmiyyət daşıyır.
Qonaqlar Azərbaycan iqtisadiyyatının inkişafını vurğulayaraq bu istiqamətdə reklam bazarının formalaşmasının, güclü, peşəkar kadrların olmasının vacibliyindən danışdılar.
Reyhan