Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin 2006-2012-ci illər ərzində fəaliyyətinə dair hesabat iclası keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, nazirliyin əməkdaşları iclasda iştirak edirdilər.
   
   Tədbiri nazirliyin Aparat rəhbərinin müavini, Həmkarlar İttifaqı Komitəsinin sədri Cavanşir Cəfərov açıq elan etdi. Sonra iclası aparmaq üçün sədr seçilən Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev gündəlikdə olan məsələləri diqqətə çatdırdı: Həmkarlar İttifaqı Komitəsinin hesabatı, Təftiş Komissiyasının hesabatı, Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının 17-ci respublika konfransına nümayəndənin seçilməsi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibinə nümayəndənin seçilməsi.
   Həmkarlar ittifaqının 2006-2012-ci illərdə fəaliyyəti haqqında çıxış edən C.Cəfərov ölkə Prezidentinin diqqəti və qayğısı sayəsində mədəniyyət sahəsində bir çox əhəmiyyətli layihələrin və irimiqyaslı tədbirlərin həyata keçirildiyini nəzərə çatdırdı. Natiq ötən 6 il ərzində nazirlik işçilərinin iş şəraitinin yaxşılaşdırılması, əməkdaşların istirahəti üçün regionlara ekskursiyaların təşkil olunması, bir neçə istirahət mərkəzlərində istirahət günlərinin təşkili barədə danışdı.
   Nazirliyin Maliyyə-iqtisadiyyat şöbəsinin Büdcə proqramları sektorunun aparıcı məsləhətçisi, Təftiş Komissiyasının sədri Nərgiz İslamova komitənin maliyyə hesabatı haqqında məlumat verdi.
   İclasda nazirliyin əməkdaşları Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək fikir və təkliflərini söylədilər.
   Çıxışlardan sonra gündəlikdəki digər məsələlərə baxıldı. Həmkarlar İttifaqı Komitəsinin, Təftiş Komissiyasının yeni tərkibi seçildi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Komitəsinin tərkibinə və komitənin 17-ci respublika konfransına nümayəndə seçildi.
   İclasda çıxış edən nazir Əbülfəs Qarayev kollektivin işində Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Kollektivin fikrini ifadə edən belə bir qurumun olması hər zaman gərəklidir. Yəqin ki, yeni seçilmiş tərkiblə yeni məsələlər gündəmə gələcək. Kollektivdə sağlam mühitin saxlanılması istiqamətində önəmli işlər görüləcək. Çünki kollektivdə sağlam mühit hər zaman işin xeyrinə olur, iş prosesinə müsbət təsir göstərir. Burada qaldırılan məsələlərdən biri də işçilərin həyat şəraitinin yaxşılaşdırılması, istirahətinin təşkili ilə bağlıdır. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi vacibdir”.
   Nazir Ə.Qarayev Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə uğurlar arzuladı.
   
   Reyhan İsayeva