Aprelin 16-da dünyanın ən böyük kitab sərgilərindən olan London Kitab Sərgisi işə başlayıb. Üç gün davam edəcək sərgidə dünyanın 100-ə yaxın ölkəsindən kitab sənəti ilə əlaqəli müxtəlif qurumlar iştirak edir. Ölkəmizi sərgidə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
   
   Sərginin ilk günü stendimizi ziyarət edən Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov nümayəndə heyətimizə fəaliyyətində uğurlar arzu edib.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 21 kv.m-lik stenddə 200 adda, 500 nüsxəyə yaxın müxtəlif çap məhsulu nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin apardığı uğurlu inkişaf siyasəti, onun rəhbərliyi ilə görülən işlərdən, Azərbaycanın mədəniyyətindən, mədəni irsindən, tarixindən, Qarabağ həqiqətlərindən bəhs edən yüksək məzmuna və poliqrafik keyfiyyətə malik kitablar, həmçinin Prezident sərəncamı ilə işıq üzü görən 150 cildlik dünya ədəbiyyatı seriyasından nümunələr və cari ildə dövlət səviyyəsində yubileyləri qeyd olunacaq ədiblərin əsərləri ziyarətçilərin və iştirakçıların diqqətinə təqdim olunur.
   Ekspozisiyamız insanlarda böyük maraq doğurur. Stendimizi ziyarət edənlərə Azərbaycan haqqında müxtəlif çap məhsulları hədiyyə edilir.