Görkəmli musiqiçi və pedaqoq Aida Abdullayevanın 90 illik yubileyi qeyd edildi
Aprelin 17-də Bakı Caz Mərkəzində tanınmış musiqiçi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist Aida Abdullayevanın 90 illik yubileyi qeyd edildi. Tədbirdə Yeganə Taptıqovanın musiqiçiyə həsr olunmuş kitabı təqdim olundu.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev musiqiçinin Azərbaycanda arfa sənətinin yaradılmasında xidmətlərindən danışdı: “Onun yaratdığı məktəb musiqi sənətimizə böyük töhfə olub. Bu gün həmin məktəbin davamçıları yetişərək musiqimizin inkişafına xidmət edirlər. Aida xanım gözəl pedaqoq olmaqla yanaşı, o həm də zəngin mənəvi aləmi olan, yüksək insani keyfiyyətlərə malik xanım idi”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Aida Abdullayevanın yaradıcılığı və pedaqoji fəaliyyətindən söz açdı. Onun sənətdə cəsarətli novator, həyatda xeyirxah, təvazökar, eyni zamanda daxilən güclü və prinsipial insan olduğunu bildirdi. Musiqiçinin Azərbaycan ifaçılıq sənəti tarixində yeni səhifə açdığını qeyd etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova A. Abdullayevanı ölkənin mədəniyyətini, musiqisini yaşadan simalardan biri olduğunu bildirdi.
Bakı Musiqi Akademiyasının professoru Nəzmiyyə Abbaszadə Aida Abdullayevanın həyat və yaradıcılığını əhatə edən kitabın işıq üzü görməsi münasibətilə müəllif Yeganə Taptıqovanı təbrik etdi. O, A.Abdullayeva ilə 40 il birgə pedaqoji fəaliyyət göstərdiklərini dedi, onun arfa musiqi sənətinin inkişafında gördüyü işlərindən danışdı.
Əməkdar incəsənət xadimi Aida Tağızadə, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə İmanova və digərləri çıxış edərək, görkəmli musiqiçinin sənət fəaliyyətindən söz açdılar.
Tədbir arfa musiqi alətində ifa olunan musiqi nömrələri ilə davam etdi.
Qeyd edək ki, Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olub. Ali təhsili Moskva Dövlət Konservatoriyasında alıb. Üzeyir Hacıbəylinin qərarı ilə Dövlət Konservatoriyasına işə qəbul olunub. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlayıb. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılıb. Musiqiçi 2009-cu ildə dünyasını dəyişib.
Reyhan