Muzey Mərkəzində elmi konfrans
   
   Aprelin 17-də Muzey Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun təşəbbüsü ilə «Azərbaycan memarlığında abidələrin qorunması problemləri» adlı respublika elmi konfransı keçirildi. Konfrans 18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər günü”nə həsr olunmuşdu.
   
   Tədbiri giriş sözü ilə açan institutun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə dünyada tarixi abidələrin qorunmasından və bu sahədə mövcud konvensiyalardan söz açdı. Qeyd olundu ki, mədəni irsin qorunması problemi xüsusilə XX əsrdə dünyanı narahat etməyə başlayıb, çünki bu, münaqişələrlə bağlı bir dövr idi. II Dünya müharibəsindən sonra bu sahədə beynəlxalq sənədlər imzalanıb, sonrakı illərdə UNESCO və ona üzv olan ölkələrin təşəbbüsü ilə konvensiyalar qəbul edilib: “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” (1954), “Ümumdünya mədəniyyət və mədəni irsin qorunması haqqında” (1972) və s.
   Azərbaycan da bu sahədə mövcud olan beynəlxalq sənədlərə, o cümlədən sualtı mədəni irsin qorunması, memarlıq abidələrinin qorunması haqqında konvensiyalara qoşulub. Hazırda ölkəmizdə 6 min maddi-mədəni irs abidəsi qeydiyyata alınıb. Bir sıra tarixi abidələrimiz UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilib. Ümumilikdə dünyanın 148 ölkəsinin 900-dən çox mədəniyyət obyekti “Dünya mədəni irs siyahısı”na daxil edilib: “Sevindirici haldır ki, onların arasında Azərbaycan mədəniyyət abidələri də yer tutur. Əlbəttə, abidələrin qorunması ilə bağlı mövcud konvensiyaların şərtlərinə əməl etmək həm də böyük məsuliyyət tələb edir. Azərbaycan abidələrin qorunması istiqamətində beynəlxalq konvensiyalara qoşulmaqla yanaşı, bu sahədə beynəlxalq əlaqələrini də gücləndirir”.
   18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər günü”nün ilk dəfə 1983-cü ildə qeyd olunduğunu nəzərə çatdıran direktor bildirdi ki, “Tarixi vətənimizi qoruyaq” devizi ilə qeyd olunan bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi yerlərin qorunmasına yönəltməkdir.
   Konfransda institutun əməkdaşı, memarlıq doktoru Rahibə Əliyeva “Qoruqların tarixi-memarlıq simasının mühafizəsi” adlı məruzə ilə çıxış etdi. Məruzədə ölkə ərazisində olan qoruqların, abidələrin mühafizəsi, mövcud problemlər, bu sahəyə dövlət qayğısından söz açıldı. Məruzəçi zaman keçdikcə tarixi abidələrin məruz qaldığı dəyişikliklərdən danışdı, qoruqlarda və onların ətrafında aparılan təmir-bərpa işləri zamanı bəzən yanlışlığa yol verildiyindən narahatlığını da dilə gətirdi.
   Sonra Ərtegin Salamzadə «Şəbəkə sənətinin qorunması» adlı məruzə ilə çıxış edərək, bu sənətin UNESCO-nun reprezentativ siyahısına salınması ilə bağlı sənədlərin hazırlandığını bildirdi. Hazırda şəbəkə sənətinin nəsildən-nəslə keçərək Şəkidə yaşadıldığını qeyd etdi.
   Elmi konfransda “Memarlıq irsi, onun öyrənilməsi və qorunması”, “Köhnə Bakı şəhəri - UNESCO-nun Dünya irsi abidəsidir”, “Arxeologiya tariximizə bir baxış, yaxud abidələrimizi necə qoruyaq” mövzularında məruzələr dinlənildi.
   
   Mehparə