Aprelin 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM), Abidələr və Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), həmçinin İtaliyanın Romualdo Del Bianko Fondunun rəhbərləri ilə görüşdü.
   
   Qonaqlar “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə gəlmişdilər.
   Nazir bildirdi ki, mədəni irsin qorunması və bərpası daim Azərbaycan hökumətinin diqqət mərkəzindədir: «Siz bir çox tarixi mədəniyyət ocaqlarında olarkən bir daha bunun şahidi oldunuz».
   Nazir Heydər Əliyev Fondunun bu sahədə geniş fəaliyyətindən də danışdı. Fondun dünyanın mədəni irsinin, tarixi abidələrinin bərpa edilməsinə töhfə verdiyini bildirdi: «Fond dünyanın bir çox ölkələrində layihələr reallaşdırır. Belə nəcib və həssas addımlar həmin ölkələrdə yaşayan xalqların mədəni həyatının inkişafına mühüm təsir göstərəcək».
   İtaliyanın Romualdo Del Bianko Fondunun prezidenti Paolo del Bianko son illərdə təmsil etdiyi qurumla Azərbaycan Memarlıq və İnşaat Universiteti arasındakı əlaqələrdən söz açdı və bildirdi ki, həyata keçirilən birgə layihələr tələbələrə böyük stimul verir: «Bu təhsil müəssisəsində mədəniyyətlərarası dialoq istiqamətində tədbir keçirdik, məruzələr apardıq. Eyni zamanda orada Leonardo da Vinçinin heykəlini qoyduq. Əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindəyik».
   Qonaqlar Azərbaycanda mədəni irsin qorunması istiqamətində aparılan işləri yüksək qiymətləndirdilər.
   Görüşdə Bakıda keçirilən “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq konfransın əhəmiyyəti haqqında geniş fikir mübadiləsi aparıldı.
   Sonda belə bir fikir ifadə olundu ki, konfrans növbəti illərdə də vacib istiqamətlər üzrə təşkil edilsin.
   
   Mehparə