Mayın 3-də Müasir İncəsənət Qalereyasında rəssam Tamara Qurbanovanın “Kukla dünyasının sirləri” adlı sərgisi açıldı.
   
   Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətini qeyd etdi: “Burada nümayiş olunan sənət növü respublikamızda elə də geniş yayılmayıb. Bu janrın özünəməxsusluğu var. Son illərdə bu sənət növü kiçik heykəltəraşlıq nümunəsinə çevrilib”.
   Qeyd olundu ki, rəssam Tamara Qurbanova kukla ustası kimi təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır. Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kukla sərgilərində onun da əl işləri nümayiş olunub. Rəssamın yaratdığı kuklalar sərgilərdə iştirak etməklə yanaşı, dünyanın bir çox muzey ekspozisiyalarını və özəl kolleksiyaları bəzəyir. Rəssamın yaratdığı kuklalar orijinallığı ilə insanı valeh edir. T.Qurbanova 20 ildir ki, yaradıcılıqla məşğuldur. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltəraşlıq və Rəssamlıq Akademiyasının sənaye qrafikası fakültələrini bitirib. İxtisasca heykəltəraş olması fiqurların ən münasib forma və siluetlərini tapmaqda ona kömək olur. Yaratdığı kuklaların prototipləri Azərbaycan folkloru, ədəbi əsərlər və hətta kino aləminin məşhur və xalq tərəfindən sevilən qəhrəmanlarıdır. Kuklaları yaradarkən özünün texnologiya sirlərindən istifadə edir. İlk öncə konstruksiyanı qurur, geyim və saç düzümü yaradır. Rəssam özü kuklaların üzünü boyayır, ustalıqla qaş, göz və kirpik qoyur. Bu texnoloji vasitələr ona mimika və cizgilər, eləcə də hər bir personajın xarakterini ifadə etməkdə kömək olur.
   Sərgidə iştirak edən Xalq rəssamı Natiq Əliyev, Əməkdar rəssam Aydın Rəcəbov və başqaları Tamilla Qurbanovanın yaratdıqlarını heykəltəraşlığın yumşaq nümunəsi kimi dəyərləndirərək rəssama yeni sənət uğurları arzuladılar.
   
   Lalə Azəri